AZ

Merkuri Günəş sisteminin ən kiçik planeti yeni tədqiqatla alimləri heyrətləndirir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Günəş sisteminin ən kiçik planeti olan Merkuri uzun illər alimləri öz qeyri-adi tərkibi ilə çaşdırır. Planetin kütləsinin təxminən 70 faizi metal nüvəyə düşür, man¬tiyası isə çox nazik və qeyri-proporsional olaraq kiçikdir. Əvvəllər əsas fərziyyə planetin böyük kosmik cisimlə toqquşma nəticəsində qabıq və mantiyasının böyük hissəsini itirməsi olub. Lakin beynəlxalq alimlər qrupunun yeni tədqiqatı bu versiyanı şübhə altına alır.

AZƏRTAC xəbər verir ki, elmi iş “Nature Astronomy” jurnalında dərc olunub.

Paris Qlobus Fizika İnstitutunun planetoloqu Patrik Frankonun rəhbərliyi altında bir qrup kompüter simulyasiyaları vasitəsilə sübut edib ki, Merkuri təxminən bərabər ölçülü iki protoplanetin “tangensial toqquşması” nəticəsində formalaşmış ola bilər.

“Hesablamalarımız göstərir ki, Merkurinin formalaşması üçün fövqəladə hadisələrin baş verməsinə ehtiyac yoxdur. Oxşar kütləyə

malik cisimlər arasında yan toqquşma baş verməsi kifayətdir,” – deyə Franko izah edib. O bildirib ki, “bu ssenari Günəş sisteminin erkən dövrünün dinamikası baxımından daha ehtimal olunan variantdır”.

Alimlərin sözlərinə görə, Günəş sisteminin başlanğıc dövründə daxili bölgələr protoplanetlərlə, yəni böyük daş cisimlərlə dolu olub və onlar orbitlər uğrunda rəqabət aparırdılar. Hamarlanmış hissəcik metodundan “Smoothed particle hydrodynamics” (SPH) istifadə etməklə aparılan tədqiqatlar göstərir ki, belə toqquşma Merkurinin ilkin mantiyasının təxminən 60 faizini “soyub çıxara” və yalnız böyük metal nüvəni saxlaya bilərdi.

Üzərində sınaqlar aparılan modellər Merkurinin kütləsini və metal-silikat nisbətini 5 faiz dəqiqliklə təkrarlayıb. Həmçinin, toqquşma nəticəsində ayrılmış materialın geri dönməməsi də izah olunur, belə ki, şəraitdən asılı olaraq, ayrılmış həmin hissə həmişəlik kosmosa atıla bilər və bəlkə də digər planet, məsələn, Venera ilə birləşmiş ola bilər.

Yeni ssenari Merkurinin yaranmasına daha təbii izah verir və digər daş planetlərin təkamülünü anlamağa kömək edə bilər.

“Növbəti addım meteoritlərdən və “BepiColombo” kimi missiyalardan əldə olunan geo¬kimyəvi məlumatlarla nəticələri müqayisə etməkdir”, – deyə Franko yekunlaşdırıb. O vurğulayıb ki, Merkuri Günəş sisteminin ən az öyrənilmiş planetidir: “Lakin vəziyyət dəyişir və qarşıda bizi çoxlu kəşflər gözləyir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
azertag.az

10Mənbələr