Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 30-cu turu çərçivəsində “Daequ” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası bu qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 30 oyuna topladığı 48 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Krivotsyukun komandası 30 oyuna 13 qələbə qazanıb, 9 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 22-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 83 oyuna çıxıb, 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 41 matça çıxıb, 1 qola imza atıb.