AZ

Aeroportda xarici dil bilən taksi sürücüləri çalışacaqlar — Yeni qərar

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksilərlə sərnişindaşımada yeni qaydalar tətbiq olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Uber” taksi şirkətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yeni qaydaları icra etməkdə əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir:

“Tətbiqimizdə hava limanından şəhərə səyahətlər üçün ayrıca sifariş kateqoriyası yaradılacaq. Sərnişinlər müasir avtomobillər sifariş edə biləcəklər. Həmçinin sərnişinlər bütün texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarında çalışan və xarici dilləri bilən sürücülərlə səyahət edəcəklər”.

Məlumatda əlavə olunub ki, bu sifarişləri yalnız bütün zəruri texniki və tibbi yoxlamalardan keçmiş avtomobillər və sürücülər yerinə yetirə biləcəklər:

“Şəhərdən hava limanına sifarişlər isə məhdudiyyətsiz qalır. Əvvəlki kimi bütün sürücülər bu sifarişləri qəbul edə bilərlər”.

***

“Bolt” taksi xidməti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı fəaliyyətində yeni qaydaları icra edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bolt”dan bildirilib.

Məlumatda vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək:

“Bu məqsədlə “Bolt” tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.

Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaqlar”.

Məlumatda əlavə olunub ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi verməyin mümkün olmayacağı və yalnız “London taksiləri”nin işləyəcəyi barədə iddialar yayılmışdı.

Sentyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama vermiş, hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsinin zəruriliyini vurğulamışdılar.

Seçilən
16
3
konkret.az

10Mənbələr