AZ

"Sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi..." - DEPUTAT



Avqustun 8-də bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin böyük və tarixi diplomatik qələbəsi ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq. Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı. Vaşinqtonda cənab Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu böyük əhəmiyyət kəsb edir. Azərbaycan–Ermənistan münasibətləri və ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab edilə biləcək digər vacib bir sənəd – Prezident İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp tərəfindən Birgə Bəyannamə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə, eyni zamanda sülh sazişinin paraflanması tamamilə yeni bir dövrün başlandığını deməyə əsas verir.


Xüsusilə, ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvi uzun illər nəticəsiz qalan və heç bir faydası olmayan format rəsmi şəkildə tarixə qovuşdu. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində razılaşmanın və Zəngəzur dəhlizinin açılması haqqında razılığın əldə olunması da xüsusi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəliş təmin edəcək, Türk dünyasını bir-birinə quru yolla birləşdirəcək. Dəhlizin Ermənistan ərazisindən keçən hissə ABŞ-ın 99 illik nəzarətinə veriləcək ki, bu da digər maraqlı ölkələrin təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Zəngəzur dəhlizinin bu formada açılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq. Həmdə revanşizmin qarşısının alınması və uzunmüddətli sülhün təminatı baxımındanda ABŞ-ın zəmanəti xüsusi əhəmiyyət kəsb edir. Vaşinqton görüşü həmdə iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcını qoydu. Belə ki, Azərbaycana qarşı “907-ci düzəliş”in tətbiqi dayandırıldı. Prezident Donald Trampın bu qərarı məhz cənab İlham Əliyevin iştirakı ilə imzalaması dövlət başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi idi.

Beləliklə, Prezident İlham Əliyevin ABŞ-a səfəri növbəti diplomatik qələbəmiz olmaqla, Azərbaycan-ABŞ münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltdi və regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunması üçün mühüm addım oldu. Bəli, biz bu gün böyük sülhün bir addımlığındayıq. 8 avqust tarixi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Vaşinqton görüşü Azərbaycanın diplomatiya tarixində möhtəşəm bir zəfər kimi qalacaq. Əldə edilən nəticələrin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu Azərbaycan dövlət siyasətinin ən uğurlu mərhələlərindən biri kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl, çoxvektorlu siyasət Azərbaycanın davamlı inkişafını bundan sonra da təmin edəcək.

Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov






Seçilən
19
1
aia.az

10Mənbələr