AZ

“Tramp-Putin anlaşması Ukraynasız reallaşa bilməz” – Elçin Xalidbəyli

“Alyaska görüşündən sonra ABŞ prezidenti Donald Tramp həm prezident Zelenski, həm də Avropa liderləri ilə görüşmək məcburiyyətində qalacaq. Çünki Putinlə anlaşma əldə olunmuş olsa belə, Tramp həmin anlaşmanın detallarını həm Ukrayna, həm də Avropa liderləri ilə müzakirə etmək məcburiyyətində qalacaq. Əgər sülh sazişi imzalanacaqsa, onun detalları ilk növbədə Ukraynaya aiddir və Ukraynanı maraqlandırır. Eyni zamanda Avropa İttifaqının ölkələrinin də bu məsələdə maraqları var – hansı şərtlər daxilində sülh sazişi imzalanacaq. Ona görə də Ukraynanın əsas mövqeyi ondan ibarətdir ki, əvvəlcə atəşkəs təmin olunsun, sonra isə müəyyən müddət ərzində sülh sazişinin detalları müzakirə olunsun”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda mühüm siyasi proseslər baş tutacaq. Belə ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək, həmçinin Avropa İttifaqı liderləri ilə danışıqlar aparacaq. Mütəxəssislər bu görüşü Ukrayna müharibəsinin yekunlaşması istiqamətində keçirilən ən genişmiqyaslı və strateji əhəmiyyətli danışıqlar kimi qiymətləndirirlər. Görüşün əsas gündəm mövzuları arasında atəşkəsin təmin edilməsi, sülh sazişi şərtlərinin müzakirəsi və Rusiya-Ukrayna münaqişəsinin gələcək mərhələlərinin müəyyənləşdirilməsi yer alır.

Siyasi şərhçi qeyd edib ki, Rusiya öz şərtlərini tam qəbul etdirmək niyyətindədir, buna görə də atəşkəsə razılıq vermir və həm Ukraynanı, həm də Qərbi təzyiq altında saxlayır.

“Rusiya Qərb üçün kapitulyasiya xarakteri daşıyan şərtlər irəli sürür və bunun üzərində israr edir. Bəzi məlumatlara görə Tramp bütün bu məsələlərdə Putinlə artıq anlaşma əldə edib və həmin anlaşmanın reallaşdırılması üçün Ukraynanın əsas mövqeyi ilə yanaşı Avropa İttifaqı liderlərinin razılığı da tələb olunur. Böyük ehtimalla, prezident Tramp Ukrayna lideri Zelenskiyə təzyiq göstərməyə çalışacaq. Çünki prezident Zelenski ABŞ-a səfərdən əvvəl bəyan etmişdi ki, heç bir halda Ukraynanın milli maraqlarına zidd qərarlar verməyəcək və Ukraynanın mövqeyinə uyğun gəlməyən şərtləri qəbul etməyəcək. Bu isə o deməkdir ki, Vaşinqton görüşü, yəni Tramp-Zelenski görüşü uğurlu nəticə verməyə bilər. Çünki Rusiyanın əsas şərtləri sırasında Krım, Donbas və digər işğal olunmuş ərazilərin Rusiyaya verilməsi ilə bağlı tələblər var. Prezident Zelenski isə bəyan edib ki, Ukraynanın əraziləri güzəştə gedilməyəcək. Bu isə o deməkdir ki, Tramp-Zelenski görüşü pozitiv nəticə verməyəcək və nəticədə münasibətlər yenidən gərginləşməyə başlayacaq. Bundan əvvəlki görüşdə də Tramp və onun yaxın ətrafı Zelenskiyə qarşı hücum taktikası seçmişdilər və onu Ağ Evdə sığışdırmağa çalışmışdılar. Təxminən ona bənzər bir situasiya yenidən yarana bilər. Lakin bu dəfə Zelenski tək olmayacaq, Avropa Birliyi liderləri də onunla birlikdədir və Avropa Birliyi maraqlarına görə Rusiyanın tələblərinin qəbul edilməməsini tələb edir”.

Siyasi şərhçi əlavə edib ki, bu baxımdan Avropa Birliyi liderləri Zelenskiyə dəstək verəcəklər:

“Bu isə o deməkdir ki, proses hələ bir müddət uzanacaq. Əgər bu proses uzun çəkəcəksə, yaxın aylarda Tramp-Putin anlaşması da pozula bilər, yəni Alyaska görüşünün nəticələri boşa çıxa bilər. Bununla belə, bu inkişaflar nəticədə Ukrayna savaşının daha da uzanmasına və eyni zamanda ABŞ ilə Rusiya arasında problemlərin dərinləşməsinə səbəb ola bilər. Bu baxımdan Alyaska görüşünün əldə olunan nəticələrinin hazırda vəziyyəti tam əks etdirdiyini düşünmək sadəlövhlük olardı. Gələcəkdə isə bu proses tamamilə fərqli istiqamətlərə yönələ bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
23
50
aznews.az

10Mənbələr