Türkiyənin Çanaqqala bölgəsində Gelibolu rayonunda meşəlik ərazidə başlayan yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolunun Tayfur və Cumalı kəndləri arasında yerləşən meşəlik sahədə dünəndən başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik ərazilərə yayılan yanğının söndürülməsi işləri davam etdirilir.
Çanaqqala valisi Ömər Toraman sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Tayfur yanğınında ehtiyat tədbiri olaraq 5 kənddən 251 nəfər sakin təhlükəsiz ərazilərə köçürülüb, onlardan 112 nəfəri isə Eceabat Gənclik Qonaqevində yerləşdirilib.
Vali Toraman əlavə edib ki, başda meşə təsərrüfatı əməkdaşları olmaqla bütün qurumlar və komandalar yanğına qarşı mübarizəni davam etdirirlər. Onun sözlərinə görə, hazırda yanğın təxliyə olunan yaşayış məntəqələrinə sirayət etməyib.