Ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. 2025-ci ilin yanvar-iyul aylarında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 500 nəqliyyat vasitəsi özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.
Bununla yanaşı, 7 ayda 406-sı qeyri-yaşayış, 2 min 68-i isə torpaq sahələri üzrə olmaqla 2 min 474 yeni icarə müqaviləsi bağlanılıb. Cari ilin ötən dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə, ümumilikdə, 112,9 milyon manat vəsait daxil olub.