AZ

BMT-nin qlobal sülh üçün ciddi islahata ehtiyacı var – Ərdoğan

BAKI, AzerVoice, Səməd Əyyubov

Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal sülh və təhlükəsizlik məqsədlərini həyata keçirə bilməsi üçün ciddi islahata ehtiyacı var.

AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin yaradılmasının 80-ci ildönümü münasibətilə keçirilən tədbirə göndərdiyi video-müraciətdə deyib.

Ərdoğan BMT-ni təbrik edərək, təşkilatın 1945-ci ildən bəri beynəlxalq əməkdaşlıq, sülh və təhlükəsizlik sahələrində mühüm nailiyyətlər qazandığını qeyd edib. O, xüsusilə Qəzza başda olmaqla, Fələstin xalqının illərdir davam edən zülmünə qarşı BMT-nin qlobal ədaləti təmsil edən bir platformaya çevrilməsinin üzv dövlətlərin məsuliyyəti olduğunu vurğulayıb.

Türkiyə Prezidenti bildirib ki, BMT-nin təsisçilərinin 80 il əvvəl ortaya qoyduqları iradə ilə bu qurumu yenidən beynəlxalq sülh, rifah, qarşılıqlı etimad və həmrəyliyi təmin edəcək şəkildə gücləndirmək vacibdir.

“BMT Baş katibinin rəhbərliyində başladılan BMT-80 təşəbbüsü də daxil olmaqla bütün islahat səylərini dəstəkləyirik. BMT Təhlükəsizlik Şurasının islahatı əsasında daha ədalətli bir dünyanın mümkün olduğunu söyləyirik,” – deyə Ərdoğan bildirib.

Ərdoğan üzv ölkələri BMT-ni yenidən bəşəriyyətin ümidi halına gətirəcək addımları təcili atmağa çağırıb və təşkilatın 80-ci ildönümünün bütün insanlıq üçün xeyirli olmasını arzulayıb.

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 1945-ci ildə yaradılmış beynəlxalq təşkilatdır və əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək və qlobal əməkdaşlığı təşviq etməkdir. Təşkilatın qərargahı Nyu-Yorkdadır və hazırda 190-dan çox üzv dövləti var. BMT-nin fəaliyyəti sülhməramlı missiyalar, humanitar yardım, insan hüquqlarının müdafiəsi, beynəlxalq hüququn təşviqi, iqlim dəyişiklikləri və davamlı inkişaf kimi sahələri əhatə edir. Onun əsas orqanlarına Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Beynəlxalq Məhkəmə və Katiblik daxildir.

Seçilən
1
50
turkic.world

10Mənbələr