Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “KamAZ” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şöhrət Gülmirzə oğlu Kamilov stasionar postda xidmət aparan Yol Patrul Xidməti (YPX) əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, qısa müddət ərzində YPX əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı sürücünün, həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən olunub.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
BDYPİ bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda təhlükəsizliyi qorumağa çağırır.