Qadın güləşçilərimiz avqustun 5-dən 20-dək Bolqarıstanın paytaxtı Sofiyada təlim-məşq toplanışı keçirəcək.

Offsideplus.az xəbər verir ki, U20 milli komandamızın üzvləri artıq hazırlıqlara başlayıb.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və U20 milli komandanın böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər. İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U20 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.

Qeyd edək ki, komandamız avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.