"Qarabağ" ciddi rəqibdir.
Offsideplus.az xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaqları ilk oyun ərəfəsində keçirilən mətbuat konfransında səsləndirib.
Baş məşqçi Ağdam təmsilçisini güclü komanda kimi dəyərləndirib:
“Komandamıza inanırıq və ümid edirik ki, turnirdə irəliləməyə davam edəcəyik. Qarşıda ciddi rəqib var, lakin bizim də keyfiyyətli futbolçularımız mövcuddur. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Oyuna tam şəkildə köklənməli, aqressiv çıxış etməliyik və hər imkandan istifadə etməyə çalışmalıyıq. İlk matç nəticəni tam müəyyən etməyəcək, lakin cavab oyunundan əvvəl üstünlük əldə etməyə çalışacağıq”.
Bekciri əvvəlki mərhələdə oynadıqları Rumıniya təmsilçisi FCSB ilə “Qarabağ”ı müqayisə etməyin düzgün olmadığını bildirib:
“Qurban Qurbanov artıq 17 ildir ki, "Qarabağ"a rəhbərlik edir. Komandada uzun müddətdir birlikdə oynayan futbolçular var, bu da meydandakı anlaşmanı artırır. Onları favorit saymaq olar, amma futbolda nəticəni yalnız meydanda görmək mümkündür. “Qarabağ” ciddi klubdur və futbola böyük sərmayə qoyurlar”.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 5-də Şimali Makedoniyada yerləşən “Todor Proeski” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.