AZ

Son 6 ayda özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub

Bakı, 1 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində 22 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 463 nəqliyyat vasitəsi satılıb.

Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesabat dövründə “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsi vasitəsilə satılmış səhmlərinin alıcısı tərəfindən müqavilə öhdəliklərinin icrası yekunlaşdırılıb.

“Bakı Ayaqqabı Fabriki” ASC ilə yanaşı, “Tibb Texnikasının Təmiri Zavodu”, “Bakı Nefqazmədən Avadanlıqları Zavodu” və “Gəncə-Qənnadı” ASC-ləri, habelə “Sumqayıt Tekstil”, “Gəncə Xalça Kombinatı”, “Bakı Alüminium Profil” və “Bakı Mərmər Qranit” MMC-lərdə investorlar tərəfindən görülən işlərin monitorinqi aparılıb və investorlarla mövcud vəziyyət müzakirə edilib.

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizə yaxın artım qeydə alınıb.

 

 

Seçilən
8
3
azertag.az

4Mənbələr