AZ

"Azərbaycan dilinin qorunması mühüm strateji prioritetlərdəndir" - Deputat

"1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli-mənəvi dəyərlərinin qorunması baxımından xüsusi önəm daşıyır".

"Unikal" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Deputat bildirib  ki, bu əlamətdar gün dilimizin tarixi inkişaf yoluna, müstəqillik dönəmində qazandığı statusa və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərə verilən yüksək dəyərin təzahürüdür:

"Ulu Öndər Heydər Əliyevin “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır” fikri Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyin və mədəni özünüdərkin əsası olduğunu aydın şəkildə ortaya qoyur.

Azərbaycan dilinin inkişafı çətin və keşməkeşli mərhələlərdən keçmişdir. Xüsusilə SSRİ dövründə – 1970-ci illərin ortalarından etibarən milli dillərin sıxışdırılması prosesi güclənmişdir. Belə bir siyasi mühitdə ana dilini müdafiə etmək, onun hüquqlarını tələb etmək cəsarət və prinsipial mövqe tələb etmişdir. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsində dönməz mövqe nümayiş etdirmişdir. Ümummilli Lider Azərbaycan dilinin dövlət dili statusu alması üçün ciddi addımlar atmışdır. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dilinin dövlət dili olması” barədə müddəanın daxil edilməsi məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli təşəbbüsü və siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Bu addım, o dövrün ideoloji çərçivələri və siyasi təzyiqləri fonunda SSRİ məkanında analoqu olmayan mühüm bir hadisə kimi tarixə düşmüşdür.

2001-ci il 18 iyun tarixində Ulu Öndər tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu Fərman dövlət dili siyasətinin elmi əsaslarla idarə olunması və tətbiqinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdi.

2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu, dilimizin qloballaşma dövründə üzləşdiyi təhlükələrə qarşı qorunması, onun zənginliklərinin yaşadılması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu qərarın əsas məqsədləri sırasında ana dilimizin saflığının qorunması, tədrisində keyfiyyətin artırılması və onun cəmiyyət həyatında geniş istifadəsinin təmin olunması dayanır.

2002-ci il 30 sentyabr tarixində qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirmişdir. Bu Qanun dövlət dilinin işlədilməsi, qorunması və inkişaf etdirilməsi ilə yanaşı, dünya azərbaycanlılarının da Azərbaycan dili vasitəsilə milli-mədəni kimliklərini ifadə etmələri üçün hüquqi əsaslar yaradıb.

Ulu Öndərin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun funksional imkanlarının genişləndirilməsi və qloballaşma şəraitində saflığının qorunması istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin əsas sütunlarından biri olan Azərbaycan dilinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, onun qorunması və gələcək nəsillərə bütöv şəkildə ötürülməsi istiqamətində atılmış mühüm addımlardır".

Seçilən
75
50
unikal.az

10Mənbələr