AZ

Qurban Qurbanov: Qarşıdakı oyunlar üçün heyəti genişləndirmək zəruridir

“Hər iki qarşılaşmada qalib gəlmək bizim üçün sevindirici oldu. Azarkeşlərimizin dəstəyi komandaya əlavə güc verdi. Belə dəstəyi stadionda görmək həmişə xoş olur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İrlandiyanın “Şelburn” komandasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis mərhələ adladıqları üçün məmnunluq ifadə edib və oyunçularını təbrik edib: “Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Oyunda bəzi çatışmazlıqlar olsa da, onların səhvlərinə görə irad bildirməyi doğru hesab etmirəm. Çünki hazırda öz optimal formalarından uzaqdırlar. Rəqib zəif deyildi. Ciddi mübarizə göstərdilər”.

O, görüşün 68-ci dəqiqəsində Kadi Borgesin penalti zərbəsini qola çevirə bilməməsi ilə bağlı da fikirlərini bölüşüb: “Bu cür vəziyyətlər futbolda olur. Kənardan baxanda asan görünə bilər amma meydanda vəziyyət tamam fərqlidir. Məncə, burada oyunçunu sərt şəkildə tənqid etmək yersiz olar. O da istərdi ki, qol vursun”.

Qurbanovun sözlərinə görə, heyətə yeni hücumçunun cəlb olunması planlaşdırılır: “Bu məsələ üzərində daim işləyirik. Hazırkı heyətimizə güvənirəm və onlardan razıyam. Amma qarşıdakı oyunlar üçün heyəti genişləndirmək zəruridir. Növbəti mərhələyə vəsiqə qazanmışıq və bu səbəbdən heyətə əlavə güc qatmaq istəyirik”.

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb. “Qarabağ”ın növbəti raunddakı rəqibi FCSB (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi olacaq. Bu komandaların Şimali Makedoniyadakı ilk duelində ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri isə ayın 12-də baş tutacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.
Seçilən
134
1
sherg.az

10Mənbələr