Dil hər bir xalqın milli varlığını, mədəniyyətini və tarixini qoruyub saxlayan ən vacib amillərdən biridir. Azərbaycan dili əsrlər boyu xalqımızın kimliyini, düşüncə tərzini, mənəvi dünyasını ifadə edən müqəddəs bir varlıq olmuşdur. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin özünüdərkində mühüm rol oynayan əsas amildir. Azərbaycan əlifbası və Azərbaycan dili günü isə bu dəyərlərin daha dərindən dərk olunması və təbliği üçün xüsusi önəm daşıyır.
Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi nüfuzunun yüksəlməsi dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamını əsas götürərək, biz öz doğma dilimizin varlığını hiss etməli, onunla qürur duymalı, Azərbaycan dilinin saflığının qorunması, istər danışıq, istərsə də ədəbi-bədii yazılarda ana dilindən düzgün istifadə qaydalarını daim diqqət mərkəzində saxlamalıyıq. Çünki, dil xalqımızın mədəni irsinin qorunmasında, inkişafında və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdəndir.
1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası milli kimliyini bərpa etmək məqsədilə bir çox sahədə islahatlara başladı. Onlardan biri də latın qrafikalı əlifbaya keçid idi. 2001-ci ildən etibarən rəsmi sənədlər, dərsliklər, mətbuat və digər yazılı kommunikasiya vasitələri məhz bu əlifba ilə hazırlanmağa başladı. Bu, həm milli birliyin gücləndirilməsi, həm də gələcək nəsillərin ana dilində daha rahat və doğru təhsil almaları üçün mühüm addım idi.
1 Avqust tarixinin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə reallaşdı. 2001-ci ilin iyunun 18-də Ulu Öndərin imzaladığı sərəncamla bu gün rəsmi olaraq qeyd edilməyə başladı. Bu qərarın qəbul olunmasında əsas məqsəd Azərbaycan dilinə və yeni latın qrafikalı əlifbaya keçid prosesinə verilən yüksək dəyərin və diqqətin nümayişi idi.
Ulu Öndər Heydər Əliyev böyük qürurla söyləyirdi: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.
Ümummilli Lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail olur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Dahi şəxsiyyətin bu təşəbbüsü 1978-ci il 21 apreldə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Beləliklə, Ulu Öndər Heydər Əliyev gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyur.
O tarixi gündən keçən illər ərzində dil siyasətinin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi, bu sahədə müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimizə olan diqqət və qayğısının təzahürüdür.
Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” tarixi fərmanı beynəlxalq aləmdə Azərbaycan dilinin mövcudluğuna yeni nəfəs gətirdi. Bundan sonra nəinki respublikamızda, hətta xarici ölkələrdə yaşayan, işləyən, habelə müxtəlif ali məktəblərdə təhsil alan gənclər tərəfindən hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi böyük təntənə ilə qeyd edilir. Dünyaşöhrətli, dahi Ümummilli liderimizin rəhbərliyi ilə 2002-ci il sentyabrın 30-da qüvvəyə minmiş “Dövlət dili haqqında” qanun Azərbaycan dilinin düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində tədbir görülməsində ən əhəmiyyətli sənədlərdəndir.
Ulu Öndər Heydər Əliyev dilin inkişafına xüsusi önəm verərək demişdir: "Dil hər bir xalqın milli varlığıdır. Ona görə də xalqın dili nə qədər saf, nə qədər zəngin olarsa, xalq da o qədər mədəni, o qədər mənəvi cəhətdən zəngin olar." Bu prinsip bu gün də dövlət siyasətində davam etdirilir. Ölkəmizin Prezidenti İlham Əliyev dəfələrlə Azərbaycan dilinin saflığının qorunması, onun informasiya texnologiyaları və rəqəmsal platformalarda geniş istifadəsi ilə bağlı çağırışlar etmiş, müxtəlif sərəncamlar imzalamışdır.
Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də öyrənilən və təbliğ olunan dildir. Dünya azərbaycanlılarının ana dili kimi bu dil diaspor qurumları vasitəsilə müxtəlif ölkələrdə yaşadılır və gələcək nəsillərə ötürülür. Bundan əlavə, müasir texnologiyalar və sosial media mühitində də Azərbaycan dilinin istifadə imkanları genişlənir. Elektron sözlüklər, rəqəmsal tədris vəsaitləri, onlayn kurslar vasitəsilə dilə olan maraq artır. Eyni zamanda, Azərbaycan dilində yaradılan ədəbiyyat, musiqi və kinematoqrafiya nümunələri milli mədəniyyətimizin təbliğində əsas vasitələrə çevrilmişdir.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə bir bayram deyil, həm də milli dəyərlərimizin qorunması, dilimizin inkişafı və gələcək nəsillərə ötürülməsi üçün bizə bir çağırışdır. Bu gün bizə xatırladır ki, dilimizi sevmək – Vətənimizi sevməkdir. Onun saflığını qorumaq, düzgün istifadə etmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan dilinə sevgi, ona olan hörmət və qayğı gələcək nəsillərin də bu dilin işığında böyüməsinə zəmin yaradacaqdır.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri