AZ

BP Azərbaycanda peşə hazırlığını da dəstəkləyir

BP şirkəti “Azəri–Çıraq–Günəşli”, “Bakı–Tbilisi–Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları ilə Azərbaycanda bərpa olunan enerji texnologiyaları sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsili layihəsini uğurla başa çatdırıb. Bu münasibətlə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində keçirilən mərasimdə məlumat verilib.

Məclisdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov son illər ölkəmizdə peşə təhsilinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Elm və təhsil naziri Emin Əmrullayev BP-nin Azərbaycanda peşə təhsilinin inkişafına dəstək layihəsinin əhəmiyyətini vurğulayıb. Nazir hazırda ölkəmizdə peşə təhsili alanların sayının, təqribən, 30 min nəfər olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkə üzrə orta təhsil səviyyəsində olan 100 mindən artıq gənc peşə təhsili almaq imkanı əldə edə bilər. Peşə təhsilinin inkişafı həm məşğulluq, həm də iqtisadiyyatın real sektorları üçün vacib resursdur.

Bu il Lənkəran şəhərində peşə təhsili mərkəzi istifadəyə veriləcəyini bildirən E.Əmrullayev Ağdam şəhərində də belə mərkəzlərin yaradılması istiqamətində layihələndirmə işlərinə artıq start verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu təşəbbüs işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların müvafiq peşə bacarıqları qazanmasına və onların məşğulluğunun dəstəklənməsinə xidmət edəcək.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə qeyd edib ki, nazirlik tərəfində elektromobillik strategiyası hazırlanıb. Hazırda həmin strategiyanın hökumətin müzakirəsində olduğunu vurğulayan direktorun sözlərinə görə, 2027-ci ilin sonuna qədər Azərbaycanda bərpa olunan enerji sahəsində quraşdırılmış güc 2 min meqavata qədər artacaq.

Qeyd edilən bu təşəbbüs BP və tərəfdaşlarının ölkəmizdə təhsilə və dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir. Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədə ixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerji sektorunda fəal iştirakı üçün onları lazımi bilik və praktiki bacarıqlarla təmin etməkdir. Layihə özündə iki əsas komponenti birləşdirir. Bunlardan biri bərpa olunan enerji üzrə tədris emalatxanalarının yaradılmasından ibarətdir. Bu məqsədlə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə, iki tam təchiz olunmuş, müasir bərpa olunan enerji emalatxanası yaradılıb. Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləri əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchiz olunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlar əldə etməyə imkan yaradır.

Layihənin digər komponenti iqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun hazırlanması və peşə təhsili proqramına daxil edilməsi ilə bağlıdır. Modulda qlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin iqlim dəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin bu təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı inkişaf kimi mövzular əhatə olunub.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan çox məmnun oldğunu bildirərək deyib: “İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verir”.

Xatırladaq ki, layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin iyul ayında başa çatmış layihənin ümumi dəyəri 322 min manat (təxminən 189 min 400 ABŞ dolları) təşkil edib.

Yeri gəlmişkən, Azərbaycanda 33 ildir fəaliyyət göstərən BP şirkəti əməliyyatçısı olduğu neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Şirkət ötən müddətdə tərəfdaşları ilə birlikdə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Bununla yanaşı, BP ölkəmizdə ən çox töhfə verə biləcəyinə inandığı sahələrə sərmayə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.

BP-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycandakı sosial sərmayə layihələrinə, ümumilikdə, 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

 

Seçilən
31
4
xalqqazeti.az

5Mənbələr