bp Azərbaycanda bərpaolunan enerji texnologiyaları sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ peşə təhsili layihəsini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs bp və tərəfdaşlarının ölkədə təhsilə və dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir.
Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədə ixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpaolunan enerji sektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktiki bacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdən ibarətdir:
1. Bərpaolunan enerji üzrə tədris emalatxanalarının yaradılması. Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, digəri isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə iki tam təchiz olunmuş, müasir bərpaolunan enerji emalatxanası yaradılıb. Bu innovativ emalatxanalar real bərpaolunan enerji ssenariləri əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchiz olunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlar əldə etməyə imkan yaradır.
2. İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun hazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Modulda qlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin iqlim dəyişikliyinə təsiri, bərpaolunan enerji mənbələrinin bu təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı inkişaf kimi mövzular əhatə olunub.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Azərbaycanın peşə təhsili sistemi və bərpaolunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan çox məmnunuq. İnanırıq ki, bu layihə tələbələrə bərpaolunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verir”.
Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin iyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322 min (təxminən 189 min 400 dollar) təşkil edib.