AZ

“Ya məni sağaldın, ya da Natiqin yanına gedəcəyəm” – Qəhrəman anasının Lalə Azərtaşa dediyi son sözlər

“Anam dedi ki, ya məni sağaldın, ya da Natiqin yanına gedirəm. Son nəfəsinə kimi bala dərdini ürəyində daşıdı”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Birinci Qarabağ müharibəsinin itkin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib. O bildirib ki, anasının ən böyük arzularından biri də N. Qasımovun əsir götürüldüyü kilsəni görmək olub:
 
“Son sözünü aparıcı Lalə Azərtaşa dedi. O, Bakıdan anamı müayiə etmək üçün həkim gətirmişdi. O zaman anam dedi, ya onu sağaltsınlar, ya da itkin balasının yanına gedəcək...Əldən bir şey gəlmədi, onun həyatını xilas edə bilmədik. Dünən saat 6 radələrində vəfat etdi. Səhhəti imkan vermədi ki, gedib həmin kilsəyə baş çəksin. Heç Natiqin adına verilən evi gedib görə bilmədi. Ayaqları tutulmuşdu, yeriyə bilmirdi. O dərəcədə ağrıları var idi ki, onu tərpədə bilmirdik”.
 
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası 1942-ci il təvəllüdlü Dursun Qasımova ötən gün Gəncədə rəhmətə gedib. O, bu gün Gəncədə Səbiskar qəbiristanlığında torpağa tapşırılacaq.
 
Xatırladaq ki, Natiq Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş «Qaradağ şahinləri» taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
 
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşmüşdür. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib.
 
Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən «Kür» avarçəkmə bazasında məskunlaşan Xocalı şəhər sakini, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün digər Xocalı sakinləri ilə birlikdə onu da girov götürüb və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparıblar. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.
 
Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hərbçiləri ilə danışığa göndərmiş, əgər təslim olmasalar, girov götürülüb Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildiriblər.
 
Cəfər Cəfərov sürünə-sürünə kilsəyə gedib. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşmışdır. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz döyüşdüyü üçün artıq taqətdən düşübmüş.
 
Natiq Qasımov Cəfər Cəfərovun: “Axı imkanın var idi nə üçün geri çəkilmədin?” -sualına: “Komandirim mənə mövqeni tərk etməməyi tapşırmışdır. Bir də ki, yuxarıda dalğalanan Azərbaycan bayrağını burada qoyub necə gedə bilərdim?” – cavabını vermiş və binanın üzərindəki Azərbaycan bayrağını göstərmişdir.
 
Cəfər Cəfərovun ifadəsinə görə o, Ermənistan hərbçilərinin şərtini Natiq Qasımova çatdırmış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görmüşdür. Lakin, Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirmiş və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olub.
 
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
Seçilən
80
16
moderator.az

10Mənbələr