AZ

Zəngəzur dəhlizi qitələri birləşdirəcək

Prezident İlham Əliyev iyulun 20-də Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasının, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasının zəruriliyini vurğulayıb: “Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq”.

Zəngəzur dəhlizi Azərbaycanı beynəlxalq tranzit yolları üzərində mühüm bir halqa halına gətirəcək. Bu dəhliz vasitəsilə yük daşımalarının sürətinin artırılması, ticarət əlaqələrinin möhkəmləndirilməsi və iqtisadi mübadilələrin genişlənməsi mümkün olacaqdır. Dəhlizin açılması, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat bağlantısı yaratmasına imkan verəcək.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə regional inkişafın əsas ünsürlərindən biri kimi məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi, onun elementləri, keçid məntəqələri və marşrutları təşkil edə bilər. 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha vurğuladı və bunun Azərbaycanın mühüm layihəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin mütləq şəkildə həyata keçiriləcəyini bəyan edərək, bu layihənin ölkənin regional və beynəlxalq strateji mövqeyini gücləndirəcəyini vurğuladı. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əsas hissə ilə birləşdirən, həmçinin ölkənin cənub və şimal bölgələrini birləşdirən mühüm nəqliyyat marşrutudur. Bu layihə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə, Türkiyə, Azərbaycan və İran arasında sıx əlaqələr qurmağa imkan verəcək və bu üç ölkə arasında logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat, enerji və iqtisadi inteqrasiyasını sürətləndirəcək.

 Bu dəhliz regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, hazırda ağır sosial-iqtisadi durumda olan Ermənistana olduqca vacibdir. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan tərəfi daha çox maraqlı olmalıdır. Azərbaycan isə sözügedən məsələnin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı addımları atıb və atmaqdadır. Ölkəmizin başçısı Forumdakı çıxışında bir daha vurğulayıb ki, təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb: “Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.

 Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin böyük önəm verdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək: “Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir. Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

Hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Zəngəzur dəhlizi- bir arteriya bir çox ölkələri birləşdirəcək. Əminliklə demək olar ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Zahid Rza, “İki sahil”

Seçilən
38
50
ikisahil.az

10Mənbələr