Azər Həsrət: “Azərbaycan mediası istənilən milli, dövlət məsələsində artıq kiminsə arxasında sürünmür, təkzibçilikdən imtina edib, faktiki olaraq öndə gedir”
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm”. Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Prezident çıxışı zamanı onu da deyib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib: “Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”.
“Hazırda Azərbaycan mediası hücum rejimində rahat işləyə bilir, hər hansı bir çətinliyimiz olmur, bizim üçün əlverişli şərait yaradılıb”
Medianın bugünkü inkişafı barədə fikir bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İ.Əliyevin üzərində durduğu iki məqam olduqca vacibdir: “ İllər öncə Azərbaycan media təmsilçiləri xəbərlərimizi, gündəmi dünyaya çatdıra bilməməklə bağlı narahatlıq keçirirdi. Həqiqətən də, Azərbaycan dünyaya açılmaqda çox çətinliklərlə üzləşirdi. Məlumdur ki, Sovet dönəmindən yenicə qopanda xəbərlərimizi Moskvanın üzərindən göndərirdik. Onlar da özlərinə uyğun formada həmin xəbərləri dünyaya çatdırırdılar. Müstəqilliyin ilk illərindən etibarən biz dünyaya açılmağa başladıq, lakin bu da yetərli deyildi. İndi isə, cənab Prezidentin vurğuladığı kimi, artıq Azərbaycan mediasının dünyaya açılmaq kimi problemi yoxdur. Biz çox rahat və arxayın şəkildə istənilən ölkəyə, şəhərə, hara istəsək xəbərimizi göndərə bilərik. Üstəlik, Azərbaycan mediasına da beynəlxalq səviyyədə istinadlar edilir. Bu hal bizi sevindirməyə bilməz.
Ölkə başçısı çıxışında deyib ki, bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. “Hücum” məsələsi obrazlı deyil, artıq Azərbaycan mediası hücum edəcək vəziyyətdədir. Biz doğrudan da hücuma keçə bilirik, hətta yeri belə yerindən oynadırıq. Azərbaycan mediası istənilən milli, dövlət maraqları məsələsində artıq kiminsə arxasınca sürünmür, təkzibçilikdən imtina edib, faktiki olaraq öndə gedir. Vaxt var idi, xarici mediada bizə qarşı çıxışlar olurdu, cürbəcür böhtanlar, kampaniyalar aparılırdı və yerli media da onlara cavab vermək məcburiyyətində qalırdı. Ancaq indi elə deyil. Hazırda Azərbaycan mediası hücum rejimində rahat işləyə bilir, hər hansı bir çətinliyimiz olmur, bizim üçün əlverişli şərait yaradılıb. Bu da dövlətin mediaya olan qayğısından qaynaqlanır”.
Günel CƏLİLOVA