AZ

“Stellantis” şirkəti 2025-ci ilin ilk yarısını 2,3 milyard avro zərərlə başa vurub

Paris, 21 iyul, AZƏRTAC

Avtomobil nəhəngi “Stellantis” bu ilin ilk altı ayını 2,3 milyard avro zərərlə başa vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət yayımladığı ilkin yoxlanılmamış nəticələr hesabatında məlumat verib.

Zərərə əsas səbəb kimi mühərrik, hava yastıqları nasazlıqları və ABŞ-ın tətbiq etdiyi yeni gömrük tarifləri göstərilir. “Peugeot”, “Citroën”, “Fiat”, “Chrysler” və digər markaları özündə birləşdirən fransız-italyan-amerikan mənşəli avtomobil istehsalçısı qeyd edib ki, 300 milyon avro məbləğində zərər yalnız ABŞ-ın yeni gömrük tariflərinin ilk təsirləri ilə əlaqədardır.

Bundan əlavə, bəzi modellərin istehsalının dayandırılması və məhsul çeşidində dəyişikliklər də zərərə səbəb olub.

Son aylarda mühərrik nasazlıqları və hava yastıqlarındakı qüsurlar səbəbilə on minlərlə avtomobil geri çağırılıb ki, bu da şirkətin fəaliyyətinə ciddi zərbə vurub.

Bu ilin ilk altı ayında “Stellantis”in dövriyyəsi 74,3 milyard avro təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azdır. Eyni zamanda, ikinci rübdə dilerlərə çatdırılan avtomobillərin sayı 6 faiz azalaraq 1,45 milyon olub. 2024-cü ilin ilk yarısında şirkət 5,6 milyard avro xalis mənfəət əldə etmişdi.

Şirkətin məlumatına görə, yeni məhsullar və performansın artırılmasına yönəlmiş tədbirlər hələ ilkin mərhələdədir və 2025-ci ilin ikinci yarısında daha müsbət nəticələr verəcəyi gözlənilir. Bununla belə, təxminən 3,3 milyard avro məbləğində vergi öncəsi xalis xərclər, proqramların ləğvi və platformaların dəyərdən düşməsi ilə bağlı olaraq maliyyə nəticələrinə mənfi təsir göstərib.

Bundan əlavə, ötən həftə "Stellantis" səhmdarlarının əksəriyyəti italiyalı Antonio Filosanın şirkətə rəhbər təyin edilməsini dəstəkləyiblər. Bu dəyişiklik xüsusi ümumi yığıncaq zamanı rəsmiləşdirilib.

Seçilən
0
50
azertag.az

10Mənbələr