Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianı ölkəsinə rəsmi səfərə dəvət edib.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən politoloq Oqtay Qasımov vurğuladı ki, Nikol Paşinyanın Məsud Pezeşkianı Ermənistana səfərə dəvət etməsi təəccüblü məsələ deyil:
"İran və Ermənistan arasında olan münasibətlər kifayət qədər yüksək səviyyədədir. İran son 35 ildə Azərbaycan və Ermənistanla münasibətlərdə birtərəfli mövqe tutub. Son 1 ildə, Pezeşkianın hakimiyyətə gəlməsindən sonra, o, Azərbaycanla da münasibətlərə önəm verir. Bu baxımdan biz müəyyən qədər yumşalmanı müşahidə edirik. Paşinyanın İranla münasibətlərə ciddi önəm verdiyi məlumdur".
Müsahibimiz qeyd etdi ki, səfərin tərəflərə müsbət təsiri olacaq.
"İran hər zaman Ermənistanın mövqeyini müdafiə edib. Bu səfər, şübhəsiz ki, tərəflər arasında münasibətlərin inkişafına müsbət təsir edəcək. İranda siyasət yalnız prezident tərəfindən müəyyən olunmur. Ölkənin ümumi siyasəti, xüsusilə də xarici siyasət, dini lider və onun müşavirləri tərəfindən müəyyənləşdirilir", - deyə O.Qasımov vurğuladı.
Nuriyyə NATİQQIZI