AZ

“Türkmənistan Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir”- Politoloq

“Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq regionda strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Xəzər dənizinin iki sahilində yerləşən bu türkdilli dövlətlər ortaq tarixi-mədəni irsə, iqtisadi və geosiyasi maraqlara sahibdir. Son illərdə enerji, nəqliyyat, ticarət və logistika sahələrində əməkdaşlıq xeyli dərəcədə genişlənmiş, yeni regional layihələrlə tamamlanıb.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan və Türkmənistanın iqtisadi bağlantıları hələ keçən əsrin 70-ci illərindən formalaşıb.

“Digər tərəfdən enerji sektoru Türkmənistan–Azərbaycan münasibətlərinin mərkəzində dayanır. Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir və qaz ixracı onun iqtisadiyyatında əsas rol oynayır. Azərbaycanın isə Xəzər dənizində inkişaf etmiş enerji infrastrukturu, o cümlədən “Cənub Qaz Dəhlizi”, Bakı–Tbilisi–Ceyhan (BTC) və Bakı–Tbilisi–Ərzurum kimi boru kəməri sistemləri bu ehtiyatların dünya bazarına çıxarılmasında mühüm keçid nöqtəsidir. Türkmən qazının Azərbaycana və oradan Avropaya ixracı məsələsi uzun illərdir gündəmdədir. Bu baxımdan Transxəzər Qaz Kəməri layihəsi diqqət mərkəzində olsa da, siyasi və ekoloji səbəblərdən layihənin reallaşması gecikməkdədir. Türkmənistanla Azərbaycan arasında Dostluq yatağının birgə istismarı barədə razılıq bu sahədə əməkdaşlığın real potensialını ortaya qoydu. Bu gün ticarət əlaqələri hələlik potensial səviyyədə inkişaf etməsə də, artım dinamikası müşahidə olunur. Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi son illər artaraq  təqribən 340 milyon ABŞ dolları səviyyəsində olub. Əsas ticarət məhsullarına neft məhsulları, neft-kimya malları, kənd təsərrüfatı məhsulları, avadanlıqlar və tikinti materialları daxildir. Türkmənistanın neft-kimya sənayesinə Azərbaycan investorlarının marağı artır. Eyni zamanda, Azərbaycan iş adamları Türkmənistanda logistika, nəqliyyat, xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərməkdədir. Türkmənistan tərəfi də Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını dəyərləndirir.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd  edir ki, Türkmənistan və Azərbaycan nəqliyyat-logistika sahəsində əməkdaşlıqda mühüm tərəfdaşlardır.

“Hər iki ölkə Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində strateji əlaqələr qurur. Bu dəhliz Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa istiqamətində yüklərin daşınmasını nəzərdə tutur və onun mühüm seqmentləri Türkmənbaşı və Bakı limanlarıdır.Türkmənistan və Azərbaycan arasında iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanan, strateji əhəmiyyət daşıyan tərəfdaşlıq formatıdır. Enerji, nəqliyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq hələ tam potensialını aşkara çıxarmasa da, mövcud imkanlar və geosiyasi kontekst gələcəkdə bu əlaqələrin daha da dərinləşəcəyini göstərir. Bu məqsədlə tərəflər arasında daha intensiv siyasi dialoq, hüquqi baza və biznes forumlarının təşkili vacibdir. Xəzər dənizi üzərindən enerji və yük daşımalarının artması iki ölkənin regional rolu və iqtisadi gücünü artıracaq.” -deyə Arzuman Muradlı bildirib.

Seçilən
66
50
moderator.az

10Mənbələr