İyul ayı ərzində Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumların sayı artıb. Bu hücumların səl səbəbi bəlli olmasa da, Rusiyanın həmyerlilərimizə qarşı hücümunun arxasında çirkin niyyətinin olduğu bəllidir. Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Rusiya tarix boyu öz çirkin siyasətini davam etdirib.
“Azərbaycan və Rusiya arasındakı münasibətlərin əsrlərə söykənən mürəkkəb tarixi keçmişi var. Bir tərəfdən, bu münasibətlər strateji əməkdaşlıq və iqtisadi tərəfdaşlıq çərçivəsində inkişaf edir, digər tərəfdən isə Kremlin davranışlarında vaxtaşırı olaraq Azərbaycan dövlətinə və xüsusilə də Rusiyada yaşayan azərbaycanlılara qarşı gizli təzyiq və manipulyasiya halları müşahidə edilir. Əsas geosiyasi məqam ondan ibarətdir ki, Rusiya Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu bəzən təhdid kimi qəbul edir. Kremldə hesab edirlər ki, Bakı Ankaraya və Qərbə yaxınlaşmalı deyil. Bu Kremlen çirkin siyasətininbariz nümünəsidir.” – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxınlaşıb.
“Rusiya, Azərbaycanın ikinci əsas ticarət tərəfdaşıdır. Ərzaq, sənaye məhsulları və enerji sahəsində əməkdaşlıq davam edir. Amma Kremlin son iki ay ərzində həyata keçirtdiyi tədbirlər əsl niyyətlərini ortaya qoydu. Elə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi mövqelər göstərir ki, Azərbaycan artıq Rusiya ilə münasibətləri yalnız “formal dostluq” üzərindən deyil, milli maraqlar prizmasından qiymətləndirir. Bakı öz informasiya məkanını gücləndirir, diaspor siyasətini yeniləyir və regional alternativ güclərlə (Türkiyə, Çin, Mərkəzi Asiya ölkələri) daha sıx əməkdaşlığa yönəlir. Rusiya-Azərbaycan münasibətləri formal olaraq strateji tərəfdaşlıq kimi təqdim olunsa da, real praktikada bu münasibətlər Moskvanın geosiyasi manipulyasiyalarına, informasiya təzyiqlərinə və azərbaycanlılara qarşı selektiv siyasətinə əsaslanan asimmetrik modelə çevrilməkdədir. Bir sözlə biz Rusiyanı özümüzə dost bilməli deyilik. Çünki tarix boyu Rusiyanın yürütdüyü siyasət onların dostluğundan xəbər vermir,” – deyə Arzuman Muradlı bildirib.