Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-nin Nyu-Cersi şəhərində keçirilən "Teeneagle" beynəlxalq ingilis dili olimpiadasında Azərbaycandan bir ailənin iki övladı qalib olub.
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin 9a sinif şagirdi Turan Musayev iki qızıl medal və bir kubok, 6c sinif şagirdi Zəhra Musazadə isə iki qızıl medal, üç kubok ilə Azərbaycana qayıdıblar.

Qeyd edək ki, artıq beşinci ildir ki, təşkil olunan bu olimpiadada 34 ölkədən şagirdlər iştirak ediblər. Burada qalib olan xarici universitetlərə qəbul alarsa, təhsil haqqında 10 faizdən 70 faizə qədər güzəşt əldə edir.
Oxu.Az yarışda qalib olan Turan Musayev və Zəhra Musazadə ilə həmsöhbət olub.
Gələcəkdə xaricdə təhsil almaq istəyən Turan Musayev Oxu.Az-a açıqlamasında kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaq istədiyini qeyd edib.

Ən sevdiyi məşğuliyyətin futbol olduğunu deyən Turan bildirib ki, məqsədə çatmaq üçün hədəfə gedən yolda insan əlindən gələni etməlidir:
"Hansısa çətinliklə qarşılaşanda ruhdan düşmək olmaz, bu yolda çətinliklərə baxmayaraq, məqsədləri daim xatırlamaq lazımdır".
Turan doqquzuncu sinfi qırmızı attestatla başa vurub, daha öncə FISO olimpiadasında bürünc medal qazanıb.

O, dil öyrənməyin başlanğıcda çətin olduğunu söyləyib:
"Əvvəl çətinlik çəkirsən, çünki eşitdiklərini anlamırsan. Lakin söz ehtiyatın artıqda işin daha da rahat olur. Mən eşitdiklərimi təkrarlamağı çox sevirəm, bu mənim ingilis dili səviyyəmi yüksəltməmə kömək olub. Bu yolla həm yeni sözlər öyrənirsən, həm də cümlələrin necə qurulduğunu mənimsəyirsən".
Olimpiadadakı uğuru haqqında məlumat verən Turan qeyd edib ki, burada dörd kateqoriya üzrə biliklər yoxlanır:
"Kateqoriyalara "Spelling bee" (hərflərin tələffüzü), "Writing" (yazı), "Debate Speaking" (müzakirə), "Knowledge quiz" (bilik yarışı) aiddir.
Yazı və müzakirə, mənə görə, ən çətin kateqoriyalardır. Çünki sənin danışıq bacarıqlarını yüzlərlə şagirdin danışıq bacarığı ilə müqayisə edirlər.
Yazı yarışında yaşına uyğun olaraq 150-200 söz yazmalısan. Bu mərhələdə artıq, yaxud əskik söz yazdıqda "0" bal ilə qiymətləndirilir. Bundan başqa, hamı səninlə yarışır və sən əlindən gələnin ən yaxşısını etməlisən ki, qızıl medal alasan. Burada bir qızıl medal qazandım. Mənim həm də bilik yarışında dünya ikinciliyim də oldu ki, bununla da iki qızıl medalla mükafatlandırıldım".
Turan bu yolda ən böyük dəstəkçilərinin valideynləri olduğunu qeyd edib:
"Mənim ən çətin anlarımda onlar mənə dəstək olub, motivasiya veriblər".
Gələcəkdə cərrah olmaq istəyən Zəhra Musazadə Oxu.Az-a açıqlamasında ən böyük hədəfinin insanlara kömək etmək olduğunu bildirib.

O, əsas məşğuliyyətlərindən birinin kitab oxumaq olduğunu söyləyib:
"Kitab oxumağı sevirəm, çünki onun vasitəsilə söz ehtiyatımın artdığının fərqindəyəm".
Z.Musazadənin sözlərinə görə, yarışdakı dörd kateqoriyadan ona çətin gələni yazı olub:
"Bu kateqoriyada yaşıma uyğun olaraq, 120-140 söz yazmalı idim. "0" bal almamaq üçün şərtə dəqiq əməl etdim. Eyni zamanda, dünyanın hər yerindən yarışda iştirak edənlər var idi. O şagirdlərlə ünsiyyətdə olmaq, yarışmaq da olimpiadanın çətin tərəflərindəndir. Qazandığım iki qızıl medaldan birini müzakirə və yazıdan, digərini isə hərflərin tələffüzü və bilik yarışı kateqoriyalarındakı orta balın hesabına əldə etmişəm. Bundan başqa, hərflərin tələffüzü kateqoriyasında dünya üzrə birinci, müzakirə kateqoriyasında isə dünya üzrə ikinci olmuşam".

Zəhra dil öyrənmək istəyən yaşıdları üçün öz tövsiyələrini bölüşüb:
"Fərqli dil öyrənmək başlanğıcda çətin olsa da, vaxt keçdikcə bunun öhdəsindən gəlmək mümkün olur. Əsas məsələ - qarşına hədəf qoymaqdır. Bu hədəfə çatmaq üçün maneələri aşmalı və öhdəsindən gəlməlisən".
Z.Musayeva nailiyyət qazanmasında Mahizər adlı müəlliminin və valideynlərinin çox böyük köməyi olduğunu, ona həmişə motivasiya verdiklərini söyləyib.
Aygün Mirakif
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.