AZ

Mingəçevirli məzuna niyə qızıl yox, gümüş döş nişanı verilib? Təhsil İdarəsi aydınlıq gətirdi

MİNGƏÇEVİR, 17 iyul. TELEQRAF

Bu il İ.Kişiyev adına 17 saylı Mingəçevir şəhər orta məktəbindən məzun olan Elnur Elçin oğlu Musazadəyə gümüş döş nişanı verilib.

Məzunun valideynləri isə iddia edirlər ki, ona qızıl döş nişanı təqdim olunmalı idi.

Bu barədə Teleqraf-ın yerli bürosuna danışan valideynlərin sözlərinə görə, Elçin buraxılış imtahanlarında müvafiq olaraq riyaziyyatdan 77, ana dilindən (tədris dili) 91, xarici dil fənnindən isə 95 bal toplayıb.

Valideynlər qeyd ediblər ki, E.Musazadə tələblərə müvafiq olaraq ən yüksək və zəruri olan nəticələrə nail olub, həmçinin bütün tədris fənləri üzrə qiymətləri istisnasız olaraq 5 qiyməti ilə dəyərləndirilib.

"E.Musazadə təhsil dönəmində Biologiya üzrə Respublika Fənn Olimpiadalarında iki gümüş və bir bürünc olmaqla 3 medal qazanıb. Əldə etdiyi nailiyyətlər birmənalı şəkildə onun orta məktəbi qızıl döş nişanı ilə bitirməli olduğunu təsdiq edir".

Valideynləri baş vermiş yanlışlığın aradan qaldırılması üçün onlara kömək edilməsini xahiş edirlər. Onlar Mingəçevir Təhsil Sektoruna və Mərkəzi Aran Regional Təhsil İdarəsinə məsələ ilə bağlı müraciət də ediblər.

"Yanlışlıq olduğu etiraf edilib", - deyən valideynlər elm və təhsil nazirinə rəsmi müraciət ünvanlamağa qərar veriblər.

Məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, müvafiq qaydalara əsasən qızıl nişana namizəd olan şagirdin buraxılış imtahanında hər üç fənn üzrə nəticəsi 80 baldan yuxarı olmalıdır: "Sözügedən İ.Kişiyev adına 17 saylı Mingəçevir Şəhər Orta Məktəbin məzunu Elnur Musazadənin buraxılış imtahanında olan göstəriciləri bu meyara uyğun gəlmədiyi üçün qızıl döş nişanına namizəd kimi seçilməyib".

İdarədən əlavə olaraq bildirilib ki, məzunların qızıl və gümüş döş nişanları ilə təltif edilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na və 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən həyata keçirilir

"Məzunların akademik göstəriciləri mövcud qaydalara əsasən eyni meyarlar, bərabər şərtlər daxilində təhlil edilir və müvafiq qərar verilir. Sözügedən döş nişanları şagirdlərin uğurunu simvolizə etdiyindən, onun verilmə prosesinə həssas yanaşılır. Ədalətli və şəffaf seçim digər şagirdlərə də motivasiya mənbəyi olur", - məlumatda deyilib.

Seçilən
91
22
teleqraf.com

10Mənbələr