AZ

Tarixi mirasa sadiq qalmaqla...

22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli düşüncə təkamülü, maarifçilik hərəkatı baxımından mühüm əhəmiyyətə malikdir. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti milli mətbuatın təməlini qoyaraq, ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələyə yol açdı.

“Əkinçi” qəzeti xalqı maarifləndirmək, milli şüurun formalaşmasına töhfə vermək məqsədi daşıyan bir ideoloji tribuna idi. Cəmi 56 sayı ilə tarixə düşən bu qəzet milli mətbuatın, ədəbi dilin və ictimai təfəkkürün inkişafında əvəzsiz rol oynamışdır. “Əkinçi”nin səhifələrində o dövrün tanınmış maarifçiləri öz ideyalarını irəli sürərək  cəmiyyəti elmə və təhsilə yönəltməyə çalışırdılar. Bu qəzet qısa müddətdə cəmiyyətdə böyük nüfuz qazanmışdır.

“Əkinçi” ilə başlayan milli mətbuat ənənəsi sonrakı illərdə zənginləşərək geniş ictimai fikir platformasına çevrildi. Azərbaycan milli mətbuatı həm ədəbi dilin inkişafına, həm də maarifçilik hərəkatının genişlənməsinə ciddi töhfələr verdi. XX əsrin əvvəllərində isə milli mətbuat artıq azadlıq, istiqlal, milli özünüdərk ideyalarının carçısına çevrilmişdi.

1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. 1998-ci ilin avqustunda dövlət səviyyəsində KİV üzərində senzuranın tamamilə ləğv olunması ölkəmizin demokratik inkişafında böyük əhəmiyyətə malik olmuşdur.

Ümummilli Liderin uzaqgörən siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı sistemli və ardıcıl siyasətə çevrilmişdir. 30 dekabr 2021-ci il tarixində qəbul olunmuş Media haqqında Qanun informasiya məkanında peşəkarlığın artırılması, jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsi və rəqəmsal dövrün çağırışlarına uyğun hüquqi mühitin yaradılmasına xidmət edir.

Azərbaycan mətbuatı İkinci Qarabağ müharibəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirmiş, informasiya savaşında da vətənpərvər mövqe nümayiş etdirmişdir. 44 günlük Vətən müharibəsi dövründə media xüsusilə düşmənin saxta məlumatlarının ifşası, şanlı ordumuzun qəhrəmanlığının təbliği və ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılması işində mühüm rol oynamışdır.

Texnologiyaların sürətli inkişafı nəticəsində internet jurnalistikası ön plana çıxmış, milli mətbuat qlobal informasiya sisteminə inteqrasiya olunmuşdur. Azərbaycanda həm ənənəvi, həm də onlayn media platformaları vasitəsilə ölkəmizin haqq səsi dünya ictimaiyyətinə çatdırılır.

Milli mətbuatın tarixinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan dövləti bu sahədə yubileylərin geniş şəkildə qeyd olunmasına xüsusi önəm vermişdir. 2025-ci ildə isə milli mətbuatın 150 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı Sərəncamla “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir.

Milli mətbuatımız 150 illik şərəfli inkişaf yolu keçərək, “Əkinçi” qəzetindən başlayan missiyasını bu gün qlobal informasiya mühitində də davam etdirir. Dövlətin göstərdiyi ardıcıl diqqət və qayğı nəticəsində Azərbaycan mediası informasiya təhlükəsizliyinin təminatçısı, milli maraqların qoruyucusu və cəmiyyətin inkişafında fəal qüvvəyə çevrilmişdir. Bugünkü milli mətbuatımız həm tarixi mirasa sadiq, həm də müasir çağırışlara cavab verən güclü bir informasiya institutudur.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı

Seçilən
13
11
ikisahil.az

10Mənbələr