AZ

“Azərbaycanın səbr və təmkin siyasəti artıq tükənmək üzrədir” - Abutalıb Səmədov

“Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumundakı çıxışından sonra Rusiyanın davranışları gözlənildiyi kimidir. Rusiya yenə konstruktiv mövqe sərgiləmir, beynəlxalq hüquq normaları ilə hesablaşmır və 2022-ci ilin fevralında imzalanmış Azərbaycan-Rusiya müttəfiqlik və birgə fəaliyyət haqqında bəyannamənin müddəalarına uyğun davranmır. Təəssüf ki, bu, Rusiyanın mahiyyətindən irəli gəlir və biz belə bir dövlətlə qonşuluqda yaşamağa məcburuq. Gözlənilir ki, Rusiyanın Azərbaycana qarşı növbəti addımları atılsın, münasibətlərin pisləşməsi istiqamətində müxtəlif cəhdlər göstərilsin, ölkəmizə qarşı qarayaxma və böhtan kampaniyası davam etdirilsin”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı mühüm detallar açıqlayıb. Dövlət başçısı bildirib ki, hadisənin baş verməsindən 7 ay keçməsinə baxmayaraq, Rusiya rəsmilərindən hələ də heç bir cavab verilməyib. Prezidentin sözlərinə görə, hadisənin təfərrüatları artıq məlumdur və Moskva bu faktı etiraf etməlidir.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın tələbləri beynəlxalq hüquqa tam əsaslanır.

“Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisindən vurulub. Hadisənin necə baş verdiyi və kim tərəfindən törədildiyi məlumdur. Bu fakt etiraf olunmalı, məsul şəxslər cəzalandırılmalı, zərərçəkənlərə təzminat ödənilməlidir. Əslində bu, qeyri-real və ya qəbuledilməz tələb deyil. Lakin Rusiya yenə də zorakılıq siyasətini davam etdirir və normal qonşuluq prinsiplərinə əsaslanan davranış nümayiş etdirmək istəmir. Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət edib. Amma təəssüf ki, əvvəlki təcrübəyə əsasən, Rusiya beynəlxalq məhkəmənin qərarlarını yerinə yetirməyəcək. Əksinə, münasibətlərin daha da gərginləşməsi üçün əllərindən gələni edəcəkləri ehtimal olunur. İndiyə qədər Rusiya ilə münasibətlərdə nümayiş etdirdiyimiz səbir və təmkin artıq tükənmək üzrədir. Xatırlatmaq yerinə düşər ki, daha əvvəl də İskəndər-M raketlərinin Ermənistana necə verilməsi ilə bağlı suallar qaldırmışıq, cavab verilməyib. Vladimir Putinin Qarabağ münaqişəsinin guya Sumqayıt hadisələrindən sonra başladığına dair açıqlamaları da yanlış idi. Ona da reaksiya vermədik. Minsk Qrupunun təkliflərinin təhrif olunması və Azərbaycanın guya razılıq verdiyinə dair yalan iddialar da səsləndirildi – buna da səbir göstərdik”.

Siyasi şərhçi əlavə edib ki, bütün səbirli yanaşmalara və susqunluğa baxmayaraq, Rusiya öz destruktiv siyasətindən əl çəkmir:

“Artıq bu siyasətə “dur” deməyin vaxtıdır. Azərbaycan qəti mövqeyini ortaya qoydu. Bundan sonra proseslərin necə inkişaf edəcəyi Rusiyanın mövqeyindən asılı olacaq. Əgər konstruktiv yanaşma sərgiləyər və beynəlxalq hüquqa hörmətlə yanaşarsa, münasibətlərin normallaşması mümkündür. Əks halda, Azərbaycan-Rusiya münasibətləri pisləşməyə davam edəcək və sonda diplomatik münasibətlərin kəsilməsinə qədər gedib çıxa bilər. Bu vəziyyətin məsuliyyəti isə birbaşa Rusiyanın üzərinə düşəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
14
50
aznews.az

10Mənbələr