"Problemin həlli istiqamətində əlimizdən gələni edirik".

Bunu Offsideplus.az saytına açıqlamasında “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov deyib. 

Bu mövsüm Premyer Liqada mübarizə aparacaq "İmişli"nin rəqiblərini hansı stadionda qəbul edəcəyi hələlik məlum deyil. 

A.Mürsəlov bildirib ki, İmişli şəhər stadionunda mülkiyyətlə bağlı problem mövcuddur: "Kəpəz", "Araz Naxçıvan", "Karvan" kimi biz də stadionla bağlı çətinlik yaşayırıq. Sadəcə, bizim bir fərqimiz var ki, öz stadionumiz var, ancaq bu gün hazır deyil. Hazırda İmişli stadionunda mülkiyyətlə bağlı problem var. "İmişli" rəhbərliyi böyük bir layihəni icra etmək fikrindədir. Həmin layihədə 4-5 stadionun hazırlanması nəzərdə tutulub. Bura həm məşq, həm də əsas meydança daxildir. Hazırda AFFA problemin həlli ilə ciddi şəkildə məşğul olur. Müvəqqəti olaraq isə başqa stadionda oynamaq ehtimalınız var. Bunun üçün də müraciət etmişik". 

"İmişli" rəsmisi bir neçə variant üzərində çalışdıqlarını vurğulayıb: "Bu yaxınlarda Quba Olimpiya İdman Kompleksinə baxış keçiriləcək. Premyer Liqa standartlarına cavab verən digər stadion olarsa, bizim üçün fərqi yoxdur. PFL-in əsasnaməsində də qeyd olunur ki, biz təklif etdiyimiz stadion uyğun gəlməsə, özləri təklif etməlidir. Mən İmişlinin stadionunu da təklif edə bilərəm. Ancaq bilirəm ki, baxış keçirəndə deyəcəklər ki, burada oynaya bilməzsiniz. O stadion I Liqaya uyğun idi. Amma ot örtüyü Premyer Liqa standartlarına cavab vermir. Əslində, süni ot örtüyü variantı da var idi. Sadəcə, klub rəhbərliyi buna razı olmadı. Düzdür, bu, daha ucuz başa gəlir. Ancaq süni ot örtüyü futbolumuz üçün bəladır. Bəzən futbolçu süni meydançada adi bir dartınma hərəkətindən zədələnib 4-5 oyunu buraxır. Biz bu məsələdə təkcə özümüzü yox, rəqiblərimizi də düşünürük. Təsəvvür edin ki, klub 300-500 minlik futbolçu gətirir, o da gəlib süni ot örtüyündə zədələnir. Avqustun 8-də dəqiq bəlli olacaq ki, harada oynayırıq. Hazırda aktual variant Qubadır. Düzdür, ora bizdən uzaq olduğu üçün azarkeşlərimizin gəlməsi bir qədər çətin olacaq. Qubaya ona görə üstünlük veririk ki, orada ot örtüyü təbiidir".

Qeyd edək ki, “İmişli” avqustun 15-də Premyer Liqanın I turu çərçivəsində "Turan Tovuz"u qəbul etməlidir.