Xəzər rayonu Binə qəsəbəsinin "türmənin arxası" kimi tanınan ərazidə içməli su problemi hələ də yaşanmaqdadır. Statistik göstəricilərlə tərs mütənasiblik təşkil etsə də, adıçəkilən ərazidə əhalinin sıx məskunlaşması onların bütün növ kommunikativ vasitələrdən istifadə edə bilməmələrinə də müəyyən mənada təsir edir.
Heç şübhəsiz ki, belə məskunlaşmanın özü də birbaşa aidiyyatı instansiyaların korporativ maraqları üzərində köklənib. Sakinlərin qarşılaşdıqları yerli xarakterli problemlərin həllində onların seyirçi mövqedə dayanmaları da belə demək mümkünsə, sosial narazılığın formalaşmasına bir stimul verir.
Məktəbi, bağçası, parkı, idman sağlamlıq kompleksləri olmayan "türmənin arxası" deyilən ərazinin sakinlərinin Hafta.az-a danışdıqlarından:
"Yaşayış massivindən mərkəzləşdirilmiş su şəbəkəsi xətti keçsə də, ancaq sakinlərin su ilə təminatı əməlli-başlı problemə çevrilib. Gündəlik su tələbatını ödəmək üçün ya bir kilometrlik məsafəni qət edib su daşıyır, ya da dükanlardan su almaq məcbuiyyətində qalırıq. Rəsmilər deyir ki, hazırda bu ərazidə su verilişi səhər-axşam olmaqla guya 2 saat müddətinə verilir, ancaq bütün deyilənlər kağız üzərindədir. Suyun təzyiqi həddindən artıq aşağı olduğuna görə ancaq dəmiryol xəttinin yaxınlığındakı abonentlərə gəlib çıxır. 300-400 məsafədə olanlara həftələrlə su gəlmir. Bu da olmayanda suyun tonunu 5 manatdan almaq məcburiyyətində qalırıq. Ancaq burada da problem yaranır. Çünki su maşınlarının sürücülərinin "tələblər"i ondan ibarət olur ki, ən azından 5 ton su almalısan".
Aparılan müşahidələr əsasında onu da öyrəndik ki, "türmənin arxası" deyilən ərazidə bir qisim sakinlər öz hesablarına su çəkiblər və Xəzər sukanalizasiya idarəsi tərəfindən sayğacla təmin olunublar.
“Telefon zənglərinə ya cavab vermir, ya da bəhanələrlə vəziyyətdən çıxırlar”
Söhbətimiz əsnasında adlarının çəkilməsini istəməyən sayğacla təmin olunmuş sakinlər də digərlərilə eyni aqibəti yaşadıqlarını dedilər:
"Biz öz hesabımıza su xəttinə qoşulsaq da, elə vaxtlar olur ki, 10-15 gün suyumuz gəlmir. Xəzər rayonunun aidiyyatı qurumu bu problemlə bağlı telefon zənglərinə ya cavab vermir, ya da müxtəlif bəhanələr uyduraraq yaranmış vəziyyətdən çıxırlar. “Azərsu”nun qaynar xətti şablon cavablarla adamın əsəblərini tarıma çəkir. Xəzər rayon su-kanalizasiya idarəsinin baş mühəndisi problemlə bağlı deyir ki, sizin xəttinizdə problem var. Axı bu necə olur ki, 10 ildən artıqdır eyni xətlə suyun verilişi bizə 24 saat ərzində tam normal bir şəkildə verilirdi, sonradan 12 saata salındı. Bir müddət keçəndən sonra su səhər-axşam 2 saat olmaqla verildi. İndi də kefləri istəyəndə suyu verir, kefləri istəməyəndə də hara istəyirsənsə de, xeyri yoxdur, verməyəcəklər. Səbəb kimi baş mühəndis evimizin mərkəzi şəbəkədən uzaq olmasını göstərir. Bu necə olur - dünən bizim ev şəbəkəyə yaxın olur, bu gün uzaq!?. Baş mühəndisin belə absurd cavabları və "Azərsu"nun yarıtmaz fəaliyyəti vətəndaşla dövlət arasında uçurum yaradır, sosial narazılıq formalaşdırır".
Sakinlərn bildirdiklərinə görə məsələ ilə bağlı dəfələrlə Xəzər sukanalizasiya idarəsi və Azərsu, eləcə də icra və bələdiyyə strukturları ilə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb. Hafta.az olaraq həmin strukturlarla əlaqə qurmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Yerli bələdiyyə nümayəndələri də problemin həllinin birbaşa Xəzər sukanalizasiya idarəsi ilə bağlı olduğunu bildirdilər.
Aparılan söhbətlərimizdə bəlli oldu ki, bu ərazinin bir hissəsi Suraxanı rayonunun, digər bir hissəsi isə Xəzər rayonunun inzibati vahidi olduğu üçün belə problemlərin həllində hər kəs yaxasını kənara çəkməyə çalışır: "Kommunal ödənişlərinin Xəzər rayonuna ödəmək də ərazi Suraxanı rayonuna aiddir. Bir dəfə də olsun nə icra strukturları, nə yerli bələdiyyə, nə də bizi Milli Məclisdə təmsil edən deputat əraziyə baş çəkib sakinlərlə görüşməyib”- deyir sakin.
“Prezidentin imzaladığı sərəncamları görməzdən gəlirlər”
Apardığımız müşahidələr və keçirdiyimiz sorğu taleyin ümidinə qalmış bu yaşayış massivinin saysız-hesabsız problemlərlə üz-üzə qalması faktını göstərdi. Su təminatının olmaması da bunlardan biridir. Rəsmilərin verdikləri vədlər bir yana, fakt isə bundan ibarətdir ki, istər Suraxanı rayon icra hakimiyyəti olsun, istərsə də Xəzər rayon icra hakimiyyəti, həmçinin "Azərsu"nun adıçəkilən rayonlardakı aidiyyatı qurumları problemlərin fonunda birbaşa dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamları görməzdən gəlirlər. Öz çıxışlarında dəfələrlə əhalinin su təminatının yaxşılaşdırılmasına toxunan Prezident Bakı və Bakıətrafı kəndlərin abadlaşdırılması üçün qəbul edilən sosial-iqtisadi inkişafla bağlı Proqramlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini hər zaman əsas şərt olaraq irəli sürüb. Prezident birmənalı şəkildə açıq mətnlə vurğulayıb ki: - "Yerlərdəki məmurlar mənim nümayəndələrimdir, onlar hər zaman xalqın xidmətində dayanmalıdırlar, xalqın bir nömrəli xidmətçisi də mən özüməm". Belə olan halda təəccüb doğuran məqam bundan ibarətdir ki, öz yarıtmaz fəaliyyətlərilə xalqın öz Prezidentinə olan inamını, güvənini sarsıtmaqda “Azərsu” yetkililərinin, eləcə də adıçəkilən icra strukturlarının, bələdiyyə sədrlərinin amacı nədir? Bu adamlar Prezidentin xalqa münasibəti fonunda nədən özlərini ağa kimi aparırlar?
Ümid edirik ki, bu məmurlar adıçəkilən ərazidə su və kanalizasiya probleminin tez bir zamanda aradan qaldırılmasını təmin edəcək, Prezidentin proqram xarakterli tapşırıqlarının yerinə yetirilməsində öz vəzifə borclarını layiqincə yerinə yetirəcəklər.
Hafta.az olaraq tərəflərin münasibətlərini bir daha öyrənməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.