Akademik Yaqub Mahmudov Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar jurnalistlərə təbrik məktubu ünvanlayıb.
News365.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli media nümayəndələri!
22 iyul, 2025-ci il Azərbaycan mətbuatının yaranmasının 150-ci ildönümüdür. Bu xoş fürsətdən istifadə edərək Sizləri peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm!
Biz milli mətbuatımızın şanlı tarixi ilə qürur duyuruq. 1875-ci il iyulun 22-də böyük maarifçimiz Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində işıq üzü görən “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə həkk edib. “Əkinçi” dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları cəhalətə qarşı mübarizəyə çağırmışdır.
Jurnalistlərimizin işi tarixçilərimizin işi qədər şərəflidir. Çünki Sizlər xalqımızın öz tarixinə sahib çıxması üçün əlinizdən gələni edirsiniz. Mediadakı dəyişməz dostlarım, Sizlər taleyüklü məqamlarda - “Ata yurdu”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), “Qarabağ: real tarix, faktlar, sənədlər” (7 dildə), “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (9 dildə), “Real tarix və “böyük Ermənistan” uydurması” (11 dildə), böyük dövlətlərimizin xəritələrinin nəşr və təbliğ olunmasında, itirilmiş torpaqlarımızla bağlı tarixi həqiqətin aşkarlanmasında, “26 Bakı cəlladı” ilə bağlı prinsipial mövqeyimin ictimailəşdirilməsində, habelə daxili dönüklərin və xarici qüvvələrin hücumlarına məruz qalarkən həmişə yanımda oldunuz və həqiqəti cəsarətlə xalqa çatdırdınız. Bunları heç zaman unutmuram. Sizlərə şanlı maarif tariximizin xalqa çatdırılmasında yeni-yeni uğurlar arzulayıram!
Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Jurnalistlərimiz Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur və yüksək peşəkarlıq nümayiş etdirirlər. Əbəs yerə deyil ki, Sizlər bu xidmətlərinizə görə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dostları kimi tanınırsınız. Bu isə Sizin olduqca gərəkli fəaliyyətinizə verilən ən yüksək dəyərdir!
Əgər Sizin dəstəyiniz olmasaydı, bizim gördüyümüz işlərdən nə xalqımızın, nə də dünyanın xəbəri olmazdı! Sizlərə ən dərin minnətdarlığımı bildirirəm. Əziz dostlar, bayramınız mübarək!”