AZ

Xankəndi media forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək

İyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, ağıllı və proqressiv yanaşmasının daha bir təzahürüdür.

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik liderliyi sayəsində Azərbaycan təkcə enerji və nəqliyyat sahəsində deyil, eyni zamanda, informasiya, rəqəmsal texnologiyalar və media təhlükəsizliyi istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlətimizin başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib.

Qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir.

Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir.

Eyni zamanda, Forum informasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin müzakirəsi baxımından beynəlxalq ekspertlər üçün əvəzsiz bir platformadır. Burada aparılan diskussiyalar, qarşılıqlı fikir mübadilələri və tövsiyələr Azərbaycanın bu sahədə mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müasir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, informasiya savaşlarındakı mövqeyi və ideoloji hazırlığı ilə də ölçülür. Bu baxımdan, Şuşa Forumunun Azərbaycanın informasiya təhlükəsizliyinə, milli medianın dayanıqlılığına və texnoloji tərəqqiyə verdiyi töhfə olduqca dəyərlidir. Bu Forum Azərbaycanın informasiya sahəsində beynəlxalq liderlik təşəbbüslərini daha da gücləndirəcək və ölkəmizin nüfuzunu yeni zirvələrə daşıyacaq.

Qlobal Media Forumunda diqqət göstərilən məsələrdən biri də Zəngəzur dəhlizinin açılmasının vacibliyi və bu dəhlizin dünyada sülhə, təhlükəsizliyə və iqtisadi inkişafa verəcəyi töhfələr  olub. Belə ki,  Prezident İlham Əliyev bununla bağlı ünvanlanan suala cavabında  qeyd etdi ki, Zəngəzur dəhlizi  bir çox ölkələri birləşdirəcək. Daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi nəzərdə tutulmur.  Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə  sərmayə qoyur. Son illərdə  milyardlarla dollar sərmayə yatırılıb.  Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Seçilən
45
2
moderator.az

10Mənbələr