AZ

Birinci yarımildə 466 vergi cinayəti işi başlanıb - Dövlət büdcəsinə 40 milyon manata yaxın ziyan ödətdirilib

BAKI, 21 iyul. TELEQRAF

Bu ilin yanvar–iyun ayları ərzində Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi qanunvericiliyinin pozulması ilə bağlı ciddi hüquqpozmalara qarşı müxtəlif tədbirlər görülüb. Bu dövrdə müxtəlif xarakterli vergi cinayətləri ilə bağlı cəmi 466 cinayət işi başlanıb.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, aparılmış istintaq tədbirləri nəticəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi olmadan işçilərin çalışdırılması, saxta aksiz markalarının hazırlanması və satılması, habelə qanunsuz pul köçürmələri ilə əlaqəli faktlar üzrə araşdırmalar aparılıb.

Hesabat dövründə 90 cinayət işinə xitam verilib, 76 cinayət işi üzrə 86 nəfər barəsində materiallar ittiham aktı təsdiqlənməsi üçün Baş Prokurorluğa göndərilib. 3 şəxs barəsində isə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış və bəraətverici əsaslar olmadan başlanan cinayət işləri üzrə 23 milyon manat məbləğində ziyan dövlət büdcəsinə ödətdirilib. Həmçinin istintaqı davam edən cinayət işləri üzrə də 15,9 milyon manat həcmində ziyanın ödənilməsi təmin olunub. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə ümumilikdə 38,9 milyon manat vəsait ödətdirilib.

Əlavə olaraq, 2025-ci ilin ilk 6 ayında müxtəlif sahələrdə fəaliyyət göstərən 44 vergi ödəyicisində – o cümlədən idxal, topdan və pərakəndə ticarət, ictimai iaşə və istehsal sahələrində – 104 vergi nəzarəti tədbiri həyata keçirilib. Bu tədbirlər nəticəsində vergi ödəyicilərinə ümumilikdə 555,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Eyni zamanda aparılan operativ nəzarət tədbirləri nəticəsində 126 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi halları aşkar edilib və müvafiq hüquqi tədbirlər görülüb.

Vergi borcları ilə bağlı vergi orqanlarından daxil olan materiallar əsasında görülən preventiv tədbirlər nəticəsində isə dövlət büdcəsinə əlavə olaraq 1 milyon manat məbləğində vəsait ödətdirilib.

Seçilən
31
50
teleqraf.com

10Mənbələr