AZ

DVX-də I yarımildə 466 cinayət işi başlanılıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 466 cinayət işi başlanılıb.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, bunlar, vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə olub.

Hesabat dövründə 90 cinayət işinin icraatına xitam verilib, 86 nəfər barəsində 76 cinayət işi ittiham aktı təsdiq edilməsi məsələsinə baxılması üçün Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 3 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə 23 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.

Hesabat dövründə istintaq olunan cinayət işləri və materiallar üzrə isə dövlət büdcəsinə ümumilikdə 15,9 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.

Yanvar-iyun aylarında müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 44 vergi ödəyicisində 104 vergi nəzarəti tədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 555,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 126 nəfər işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1 milyon manat vəsait ödətdirilib.

Seçilən
18
50
bakivaxti.az

10Mənbələr