"Barselona" Madrid "Real"ının hücumçusu Rodriqonun transferini nəzərdən keçirir.
90deqiqe.Az "UOL"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı futbolçuya marağını dolayısı yolla çatdırıb və Rodriqo "Real"dan ayrılmaq qərarına gəlsə, rəsmi danışıqlara başlamağa hazırdır.
Mənbə qeyd edir ki, braziliyalı "Kral klubu"ndakı gələcəyi barədə düşünməyə başlayıb. Buna səbəb isə baş məşqçi Xabi Alonsonun ona Klublararası Dünya Çempionatında az şans verməsi olub. Futbolçunun oynamaq praktikasının azalması onun mövqeyinə dair suallar yaradıb.
Qeyd edək ki, Rodriqo ötən mövsüm "Real"ın heyətində 54 oyunda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı braziliyalının bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirir.