AZ

Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...


Qulamhüseyn Əlibəyli: “Bu ölkələrin bir araya gəlməsi, vahid bir orqanizm kimi çıxış etməsi qeyri-mümkün görünür”

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiya-Hinidstan-Çin formatının bərpasına çalışdığını bildirib. Nazir müavinin sözlərinə görə, Moskva bu mövzuyla bağlı Dehli və Pekinlə danışıqlar aparır.

“Çin və Hindistan Rusiyanın vacib tərəfdaşlarıdır, biz BRİCS təşkilatının qurucularıyıq” deyən Rudenko bu səbəbdən üçlü formatın işə başlamasının zərurətini qeyd edib. Onu da qeyd edək ki, üçlü formatın təşəbbüskarı 1996-cı ildə Rusiyanın o zamankı xarici işlər naziri Yevgeniy Primakov olub. 3 ölkənin xarici işlər nazirləri ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasında görüşüblər. 2021-ci ilə qədər görüşlər mütəmadi keçirilib.

Nəzərə alsaq ki, Çinlə Hindistan əzəli rəqiblərdir, üstəlik Dehli ilə Vaşinqton arasında yaxınlıq var, belə olan halda Rusiyanın təşəbbüsü ilə bu formatın qurulacağı nə dərəcədə realdır?

“Çin vəziyyətdən istifadə edərək Rusiyanın neftini, qazını və digər təbii xammal resurslarını ucuz qiymətə idxal edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Rusiya, Çin və Hindistanın bir araya gəlməsi prinsip etibarı ilə formal cəhətdən mümkündür: “Çünki sözügedən ölkələr hansısa formada Rusiyaya kömək etməyə çalışırlar. Ona görə mümkündür ki, faktiki bunların birliyi alınmayacaq. İndiyə qədər alınsaydı, bu, BRICS-in timsalında özünü göstərərdi. Ona görə alınmır ki, Hindistan ABŞ-Çin rəqabətindən maksimum öz mənafeyi üçün istifadə etməyə çalışır. Hər kəsə məlumdur ki, Çin əsasən Birləşmiş Ştatlarla rəqabət aparır. Hindistan da Çinin əzəli rəqibidir. Diplomatların bir araya gəlməsi, əl sıxması o demək deyil ki, köhnə hesablar belə tez arxa plana keçəcək. Bu nöqteyi-nəzərdən Rusiya, Çin və Hindistanın bir araya gəlməsi, vahid bir orqanizm kimi çıxış etməsi qeyri-mümkün görünür. Yəni Rusiya çalışır ki, formal olaraq müəyyən birliklər yaratsın və həmin birliklər onu müdafiə etmiş olsunlar. Rusiya bununla dünyadan təcrid olunmadığını göstərmək istəyir. Nəzəri cəhətdən bu, mümkün olan məsələdir, amma praktiki olaraq bunun effektiv olacağı real deyil. Çünki tərəflər arasında böyük rəqabət var. Məsələn, Rusiyanın Ukrayna bataqlığında çabalaması Çinin xeyrinədir. Çünki Çin vəziyyətdən istifadə edərək Rusiyanın neftini, qazını və digər təbii xammal resurslarını ucuz qiymətə idxal edir. Ruslar da bunun fərqindədir. O üzdən, ABŞ-a qarşı hansısa situativ birlik perspektivli ola bilməz. Çünki həm Çinin, həm də Hindistanın ABŞ-la olan ticarət dövriyyəsi çox böyükdür. O cümlədən, bu ölkələrin Avropa ittifaqı ilə yaxın iqtisadi əlaqələri var. Xüsusən Hindistan Çin amilinə görə ABŞ-la əlaqələrə xüsusi önəm verir. Bu baxımdan rəsmi Dehli çalışacaq ki, Vaşinqtonun maraqlarını nəzərə alsın. Bir sözlə, bu birlik formal olacaq və müəyyən mənada Rusiya bundan öz maraqları üçün istifadə edəcək. Faktiki olaraq bu, işlək bir qurum olmayacaq”.

Vidadi ORDAHALLI

Seçilən
63
50
baki-xeber.com

10Mənbələr