AZ

ABŞ və İsrailin Bakı üzərində oyunu – Azərbaycan hansı seçim qarşısındadır?

Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək. Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Bəs Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması regionda hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər? Azərbaycan bu sazişə qoşulmaqla hansı diplomatik və dividentlər əldə edə bilər?
Moderator.az-a danışan politoloq Sultan Zahid bildirib ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması məsələsini gündəmə gətirib. Qeyd edilməlidir ki, artıq bir neçə ildir bu məsələ müzakirə olunur.
Politoloq xatırladıb ki, “İbrahim Sazişləri” hələ 2020-ci ildə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülüb:
 “Bu sazişlər İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. Eyni zamanda ABŞ bu sazişlər vasitəsilə region ölkələri ilə ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə çalışır. Sazişin əsas məqsədi həm İsrailin, həm də ümumilikdə Yaxın və Orta Şərq regionunun təhlükəsizliyini təmin etmək, eləcə də regional əməkdaşlığı təşviq etməkdir. Bu istiqamətdə həm ABŞ, həm də İsrail maraqlıdır. Azərbaycan artıq uzun illərdir ki, İsraillə sıx və yaxın münasibətlərə malikdir. Azərbaycanın İsraillə münasibətləri, əslində, “İbrahim Sazişləri”nə qoşulan bəzi ərəb ölkələrinə nisbətən daha dərin və çoxşaxəlidir. Bu baxımdan Azərbaycanın sözügedən sazişlərə qoşulması simvolik və geosiyasi xarakter daşıya bilər”.
 
Politoloq bildirib ki, “İbrahim Sazişləri” çərçivəsində İsrail bu sazişə qoşulan ərəb ölkələrinin hər biri ilə yeni diplomatik əlaqələr qurub:
“Halbuki Azərbaycanla İsrail arasında diplomatik münasibətlər hələ 1992-ci ildən etibarən mövcuddur. Üstəlik, Azərbaycan uzun illərdir İsrailin yaxın enerji tərəfdaşı kimi çıxış edir. Bu baxımdan Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması onun İsraillə ikitərəfli münasibətlərinə hansısa yeni inkişaf gətirəcəkmi – bu, sual doğurur”.
 
Bununla belə, politoloqun fikrincə, Azərbaycan bu sazişə qoşulmaqla ABŞ-la ticari və iqtisadi münasibətlərini genişləndirə bilər:
"Eyni zamanda, bu addım ABŞ tərəfindən əvvəllər Azərbaycana qarşı tətbiq olunan bəzi sanksiyaların ləğvinə səbəb ola bilər. Bu məsələdə daha çox təşəbbüskar tərəf İsraildir. Fikrimcə, bu gün Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasını daha çox İsrail lobbiçilik yolu ilə gündəmə gətirir. İsrailin mətbuatı və düşüncə mərkəzləri bu istiqamətdə olduqca fəaldır”.
 
Zəngəzur dəhlizi məsələsinə toxunan politoloq əlavə edib ki, bu məsələ ABŞ-da Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasından xeyli əvvəl də gündəmə gəlib. Onun fikrincə, ABŞ Zəngəzur məsələsinə yalnız siyasi deyil, geostrateji baxımdan da yanaşır: 
“Burada məqsəd Rusiyanın bölgədəki təsirinin zəiflədilməsi, eyni zamanda Rusiya və İranı regional layihələrdən təcrid edərək enerji, nəqliyyat və kommunikasiya xətlərinin inkişafını təmin etməkdir. Bu baxımdan Zəngəzur dəhlizi ABŞ üçün strateji əhəmiyyət daşıyır”.
 
Mehin Mehmanqızı
 
Seçilən
59
50
moderator.az

10Mənbələr