AZ

Gilas bağlarında zərər artıb - fermerlər narazıdır

2025-ci ildə havaların kəskin keçməsi ilə əlaqədar olaraq 36 hektar gilas bağına zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna müraciət daxil olub. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq fonddan bildirilib.

2023-2024-cü illərdə  Ağstafa, Samux və Şəmkir rayonlarında baş vermiş hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib. 

 Fermer Tahir Muradov bildirib ki, intensiv yağışlar səbəbindən meyvə yığımı ötən illə müqayisədə xeyli aşağı olub.

"Bu il ötən ilki yığımın yarısının da yarısı oldu. Ötən il hər ağacdan 30 kiloqram yığmışdıqsa, bu il güclə 10 kiloqram yığmışıq", –  o qeyd edib.

Fermerin sözlərinə görə, gəlir də müvafiq şəkildə azalıb.

 “Keçən il satışdan 20-30 min manat qazanc götürmüşdük, bu il isə cəmi 10 min manata belə çatmayıb", - o qeyd edib. 

Muradov həmçinin qeyd edib ki, məhsullar bazarda 3.5 manatdan 7 manata qədər dəyişən qiymətlərlə satılıb. O, məhsulunu sığorta etdirmədiyini bildirərək səbəbini belə izah edib.

 “Sığorta yalnız dolu, şaxta (maroz) kimi hallara görə verilir. Yağıntı səbəbindən ziyan dəyəndə ödəniş edilmir. Bu səbəbdən sığorta etdirmədim", - o əlavə edib. 

Son 2 ildə gilas sahələri üzrə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 136,6 min manat sığorta ödənişi edilib.

Milli məclisin deputatı Razi Nurullayev bildirir ki, ölkədə sığorta sistemində xeyli boşluqlar var.

"Kənd təsərrüfatında sığorta məsələsi ilə bağlı tam olaraq qanunvericiliyə baxmaq lazımdır. Bir fermer təbii fəlakət nəticəsində məhsulunu itirirsə ona sığorta ödənilməlidir.Dolu düşəndə də verilir. Yağış çox yağan zaman məhsul azalırsa, buna görə verilməməsi düzgün deyil. Ümumiyyətlə konkret olaraq hər bir halı tam olaraq, qanuna da yazmaq olmur. Sığortanın verilməsində belə bir hal olmalıdır ki, bu sahibkarın günahı ucbatından baş verməyən haldırsa, ona sığorta ödənilməlidir. Təbii ki sığorta tam olaraq sahibkarı qane etmirsə, bu zaman sığortalamaq istəməyəcək. Bizdə sığorta sistemində xeyli boşluqlar var. Azərbaycanda sığortaya marağın artırılması, inkişafı üçün  qanunvericiliyimiz ciddi dəyişiklik edilməlidir. İnsanlar sığortadan istədikləri kimi yararlana bilmirlər",- deputat vurğulayıb.

 Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda bir çox fermerlər məhsuldarlığın artırılması üçün zəruri aqrotexniki tədbirləri bilmədən fəaliyyət göstərirlər.

“Məhsuldarlığın yüksəlməsi üçün bitkilərə qulluq mütləqdir. Vaxtında suvarma, budama işləri aparılmalı, torpaq analiz olunmalı və bitkinin ümumi sağlamlığını təmin etmək üçün 20-yə yaxın qida elementi tətbiq edilməlidir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, uzunmüddətli yağış, temperaturun dəyişməsi və ya külək kimi iqlim amilləri məhsuldarlığın azalmasına səbəb olsa da, bu risklərin idarə olunması mümkündür.

“Əgər bitki çiçəkləmə dövründə intensiv yağış altında qalırsa və mayalanma prosesi düzgün getmirsə, bunun qarşısını almaq üçün elmi əsaslarla nəzarət tədbirləri görülməlidir. Bitkinin ümumi sistemi zəifdirsə, o, stressə davam gətirmir”, –  Məhərrəmov əlavə edib.

Ekspertin fikrincə, Azərbaycanda torpaq islahatları zamanı verilən pay torpaqları üzərində əksər hallarda effektiv kənd təsərrüfatı fəaliyyəti aparılmır.

“İnkişaf etmiş ölkələrdə torpaq sahələri aqronomlara verilir. Azərbaycanda isə torpaq sahiblərinin əksəriyyəti torpaqdan düzgün istifadə etmir”, –  o bildirib.

Vahid Məhərrəmov qeyd edib ki, bu il yalnız gilas deyil, buğda və digər kənd təsərrüfatı məhsullarının da məhsuldarlığında azalma müşahidə olunub.

Aqrar Sığorta Fondundan anews.az-a bildirilib ki, Azərbaycanda 2025-ci ildə gilas bağlarının sığortalanma həcmi kəskin artıb, lakin ixrac göstəriciləri ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. 

Fonddan verilən məlumata görə, 2025-ci ildə ölkənin 15 rayonunda 110 fermer tərəfindən ümumilikdə 228 hektar gilas bağı sığorta edilib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən iki dəfə çoxdur. Ötən il 14 rayonda 119 hektar sahə sığortalanmışdı.

Sığorta təminatının ümumi dəyəri də 2024-cü ildəki 1,4 milyon manatdan 2025-ci ildə 3,9 milyon manata yüksəlib — bu, təxminən üçqat artımdır. Sığorta haqları isə müvafiq olaraq 58 min manatdan 90 min manata çatıb. Qanunvericiliyə əsasən, bu məbləğin 50%-i dövlət tərəfindən qarşılandığından, fermerlər yalnız 45 min manat ödəniş ediblər.

Hazırda Azərbaycanda yalnız üç bitki — gilas, üzüm və pambıq — leysan yağışları riskindən sığortalanır. Fonddan bildirilib ki, güclü yağıntılar nəticəsində gilas meyvəsinin qabığının partlaması və məhsulun sıradan çıxması halları sığorta ödənişləri ilə qarşılanır. 2025-ci il ərzində artıq 36 hektar sahədə zərər hadisəsi ilə bağlı müraciətlər daxil olub.

Sığortanın ən geniş tətbiq edildiyi rayonlar Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran kimi regionlardır. Hazırda Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 41 bitki növü üzrə 48 məhsul sığortalanır.

Bununla belə, ixrac göstəriciləri geriləyib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan 25 min 842 ton albalı və gilas ixrac edilib. Bu, 2023-cü illə müqayisədə 27,4% və ya 9 min 757 ton azalma deməkdir. Dəyər baxımından isə ixrac 44,6% azalaraq 24,7 milyon dollar təşkil edib. 2023-cü ildə bu rəqəm 44,6 milyon dollar idi.

1 kq albalı və gilasın 2024-cü ildəki orta ixrac qiyməti 1,62 manat olub ki, bu da 2023-cü illə müqayisədə 23,6% və ya 50 qəpik azdır. Ötən il bu rəqəm 2,13 manat təşkil etmişdi.

Aytac Zeynalova

Seçilən
66
25
anews.az

10Mənbələr