"Azərbaycan diasporasının fəaliyyəti müstəqillik əldə edildikdən sonrakı dövrdə Ulu Öndərin müəyyənləşdirdiyi siyasət xətti istiqamətində həyata keçirilmişdir. Belə ki, əvvəllər pərakəndə fəaliyyət göstərən diaspora nümayəndələri müvafiq komitə yaradıldıqdan və qeyri-hökumət təşkilatları kimi formalaşdıqdan sonra vahid bir siyasət ətrafında birləşməyə başladılar. Dünya azərbaycanlılarının konqres və qurultaylarının keçirilməsi də bu prosesə siyasi istiqamət vermək baxımından mühüm rol oynamışdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb.
O, açıqlamasında qeyd edib ki, əsas məqsəd xarici ölkələrdə yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətlərin həyatında fəal iştirak etməsi, eyni zamanda bu iştirak vasitəsilə Azərbaycan dövlətinə və xalqına təşkilatlanmış formada xidmət etməsi olmuşdur:
"Xüsusilə, Cənab Prezidentin bu istiqamətdə verdiyi tövsiyələr və müəyyənləşdirdiyi strateji xətt onu göstərir ki, azərbaycanlılar yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya olunmalı, ictimai-siyasi proseslərdə aktiv iştirak etməlidirlər. Lakin eyni zamanda da öz azərbaycanlı kimliyini qoruyaraq, Azərbaycanın dövlət siyasətinin təbliğində və xüsusilə Qarabağ münaqişəsi dövründə haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamalıdırlar.
Deputat onu da vurğuladı ki, Qarabağ Zəfərindən sonra isə artıq qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoymuş və bu siyasət Diasporla İş üzrə Dövlət Komitəsinin əlaqələndiriciliyi ilə daha da sistemli şəkildə həyata keçirilməyə başlanmışdır:
"Hazırda dünyanın müxtəlif ölkələrində ictimai-siyasi və iqtisadi sahələrdə tanınan, parlaq azərbaycanlı şəxslər fəaliyyət göstərir. Onların daim Vətənin diqqət və qayğısını hiss etməsi də olduqca önəmlidir. Bu prosesdə həm dövlət siyasətinin yönəldilməsi, həm də ictimai təşkilatlarla qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, vətəndaşı olduqları ölkələrin həyatında fəal iştirak edən soydaşlarımızın təşkilatlanması, diasporun güclənməsi və həm Vətənə, həm də xaricdə yaşayan azərbaycanlıların inkişafına dəstək verməsi üçün dövlətin həm maliyyə, həm də siyasi-ictimai dəstəyi vardır".
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq İlyas Hüseynov isə qeyd etdi ki, Azərbaycanın diaspor təşkilatlarının dünya miqyasında güclü, nüfuzlu və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli dəstək və diqqət göstərilir:
"Vətən müharibəsi dövründə dünyada yaşayan soydaşlarımızın Azərbaycanın haqq işinə necə səmimi və güclü dəstək verdiyinin canlı şahidi olduq. Həm informasiya müharibəsi müstəvisində, hibrid münaqişə kontekstində, həm də lobbiçilik sahəsində dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi mühüm əhəmiyyət kəsb etdi.
Mən də həmin prosesləri yaxından izləyirdim və bu fəaliyyətlərdə iştirak edirdim. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan gənclərinin Vətənə nə qədər bağlı olduqlarını, ürəklərinin Azərbaycan ordusu və xalqı ilə birgə döyündüyünü şəxsən müşahidə etmişəm. Bu baxımdan, əlaqələndirilmiş və sistemli fəaliyyətin təşkil olunması xüsusi əhəmiyyətə malikdir. Dövlətin müvafiq qurumları və onların şaxələnmiş, şəbəkələşmiş strukturları vəhdət və əməkdaşlıq içində fəaliyyət göstərməlidir. Bugünkü reallıq onu göstərir ki, xüsusilə də Rusiyada Azərbaycan diaspor təşkilatlarına qarşı müəyyən təzyiqlər və təqiblər müşahidə olunmaqdadır. Belə şəraitdə dünya azərbaycanlıları dövlətin ətrafında daha sıx birləşməli və milli maraqlar naminə birgə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Bu istiqamətdə görülən işlər artıq öz nəticəsini göstərməkdədir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.