Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu şəhərindəki "Nuranxatun" və "Hacı Alcan-Hacı Almaxanım məscidlərini ziyarət edib.
Komitədən "Report"a verilən məlumata görə, ziyarət çərçivəsində komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə söhbət edib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin ən yaxşı nümunələrindən biri formalaşdırılıb. Bu model dini etiqad azadlığının təmin olunması, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi prinsiplərinə, tolerantlıq və multikulturalizm ənənələrinə əsaslanır.
R.Məmmədov bildirib ki, Azərbaycan dünyəvi dövlət modelinə əsaslanan, eyni zamanda öz tarixi-mədəni və mənəvi irsinə dərin hörmətlə yanaşan ölkədir. Ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər imkanlar, əlverişli şərait yaradılıb. O, din xadimlərinin dini maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və gənclərin sağlam düşüncə ilə yetişdirilməsi istiqamətində fəaliyyətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüş iştirakçıları dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək, dini sahəyə göstərilən həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.