AZ

50 gün içində nələr olacaq? Trampın Putinə son mesajı Ukraynanın gələcəyini necə formalaşdıracaq?..

“Tramp və digər ABŞ yetkililəri açıq şəkildə bildiriblər ki, Avropa dövlətləri ABŞ-dan aldıqları silahları Ukraynaya göndərmək hüququna malikdirlər. Bu isə o deməkdir ki...”
 
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında “Trampın Putinin guya onu aldada bilməməsini deməsinə və ona 50 gün vaxt verməsinə necə baxırsız?” sualının cavablandırarkən bildirib ki, Trampın Putinə 50 gün vaxt verməsinin tarixçəsi bu iki liderin sonuncu telefon danışıqlarına bağlanır: 
 
“Belə ki, ABŞ-ın məşhur “Axios” nəşrinin etibarlı mənbələrə istinadla yaydığı məlumata görə, Trampla Putinin 3 iyul 2025-ci il tarixində reallaşan telefon söhbətində Rusiya lideri həmkarına 60 gün ərzində Ukraynanın bəzi ərazilərini aldıqdan sonra müharibəni dayandıracağını bildirib. Nəşrin iddiasına inansaq, Tramp bu barədə fikirlərini Fransa prezidenti Emmanuel Makronla bölüşüb. Deyib ki, Putin Rusiyanın ərazisi hesab Ukrayna vilayətlərinin inzibati sərhədlərinə qədər bölgəni işğal etməyə çalışacaq. Bunu rus liderin özü Trampla söhbətində etiraf edib. Maraqlıdır ki, “Axios”un bu iddialarını tərəflərdən heç biri yalanlamayıb. Halbuki təkcə Ukraynanın deyil, Avropanın da taleyüklü probleminə çevriləcək bu məlumat yalan olsaydı, dərhal müxtəlif ünvanlardan təkziblər gələrdi. Bu da məlumatın səhih olduğunu göstərir...” 
 
Heydər Oğuzun fikrincə, prinsipcə, ABŞ liderinin dünən Rusiyaya müharibəni bitirmək üçün 50 gün vaxt verməsi də bu məlumatı bir növ təsdiqləyən faktlardan sayıla bilər: 
 
“Çünki iyulun 3-dən dünənə qədər 11 gün keçirdi. 60 gündən bu rəqəmi çıxsaq, 49-50 gün edər. Belə çıxır ki, iyulun 3-də Trampla Putin arasında baş tutan telefon danışığında ümumi razılaşma əldə olunub. Putin öz həmkarından Ukraynanın müəyyən hissəsini işğal etmək üçün 60 gün vaxt istəyib. Görünür, Tramp da bununla razılaşıb. Rusiyanın son zamanlar Ukraynanı ağır bombardmana tutmasına çox laqeyd qala bilməyən və getdikcə nüfuzdan düşdüyünü anlayan Tramp sonunda Rusiyanı dayandırmağa qərar verib. Bununla belə, Putinə verdiyi möhləti də nəzərdən qaçırmayıb. Dünən hər kəs ABŞ prezidentindən olduqca ciddi mesajlar gözlədiyi bir zamanda onun Rusiyaya 50 gün möhlət verməsi və bu müddət ərzində müharibənin dayanmayacağı təqdirdə sərt tədbirlərə əl atacağını bildirməsi əslində Putinə göndərilmiş mesaj təsiri bağışlayır. Sanki Tramp bu sözlərlə Putinə məlum telefon söhbətini xatırladıb və ona “50 günün qaldı” ismarışı göndərib. Sözsüz ki, Putin ona verilən möhlətin ilk 10 günündə ciddi uğurlar əldə edə bilmədi və qalan 50 gündə də onun öz hədəflərinə çatması mümkün görünmür. 
 
Üstəlik, Trampın NATO müttəfiqlərinə ABŞ silahlarını almaq hüququ tanıması və Ukraynanın təchizatını Avropa ölkələrinin ixtiyarına buraxmasından sonra həmin dövlətlərin rəsmi Kiyevə müasir silahlar göndərməsinin də önü açıldı. Tramp və digər ABŞ yetkililəri açıq şəkildə bildiriblər ki, Avropa dövlətləri ABŞ-dan aldıqları silahları Ukraynaya göndərmək hüququna malikdirlər. Bu isə o deməkdir ki, avropalılar əllərindəki silahları indidən Ukraynaya göndərə biləcək və boşalan arsenallarını ABŞ-dan aldıqları silahlarla dolduracaqlar. Nəticədə həm Trampın Putinə verdiyi 60 günlük möhlət pozulmayacaq, həm də Avropanın yeni silah alışları sayəsində ABŞ-ın silah istehsal edən müəssisələri də böyük pullar qazanacaqlar. Ən əsası isə Tramp Ukrayna savaşını bitirən lider kimi Nobel Sülh mükafatını almağa bir addım da yaxınlaşacaq. Təbii ki, son mülahizə Trampın qurduğu xəyaldır və gerçəkləşib gerçəkləşməyəcəyi Ukrayna savaşının taleyindən asılıdır. Hətta mənim fikrimcə, ABŞ-ın silah maqnatları yaxşı gəlir vəd edən Ukrayna savaşını bitirməkdə maraqlı olmadıqlarından Trampın bu xəyalı o qədər də real görünmür...”
 
Təqdim etdi: Sultan Laçın
Seçilən
11
50
moderator.az

10Mənbələr