Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 12 iyul 2025-ci il tarixində Şabran rayonunda təşkil olunub. Tədbiri Şabran rayon İcra Hakimiyyətinın nümayəndəsi Vasif Əhmədov açaraq tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib və bu istiqamətdə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.
Maarifləndirmə, müzakirələr və qrup işləri formatında keçirilən tədbiri layihənin təşkilatçısı Nabat Qəniyeva açaraq layihənin məqsədi və donor təşkilat haqqında məlumat verib.
Tədbirin təlimçisi, həkim-narkoloq Ayxan Bağırov iştirakçılara narkomaniyanın tibbi fəsadları barədə aşağıdakı mövzularda ətraflı məlumat verdi:
1. Narkotik vasitələrin növləri və onlar barəsində məlumat.
2. İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
3. Narkotiklərdən asıllıqın yaranma səbəbləri.
4. Narkomaniyanin törətdiyi fəsadlar.
5. Narkomnaiya ilə necə mübarizə aparılmalı.
6. Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.
7. Narkoloji test haqında məlumat.
Tədbirdə iştirak edən müəllimlər, məktəb psixoloqları mövzu ətrafında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar 4 kiçik qrupa bölünüb və hər qrupa 3 sual təqdim olunub. Qrup işinin nəticələri təqdimat formatında paylaşılıb və geniş müzakirələr aparılıb. Şabran rayonu, H. Əliyev Mərkəzində keçirilən tədbirdə 21 nəfər iştirak edib.
Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.