ABŞ prezidenti Donald Tramp Ukraynaya ölkənin müdafiəsi üçün zəruri olan “Patriot” zenit-raket komplekslərini göndərəcəyini açıqlayıb. Ağ Evin rəhbəri bir daha Rusiya prezidenti Vladimir Putindən narazılığını bildirib və deyib ki, o, “gözəl danışır, amma axşam hamını bombalayır”. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın davamlı raket və pilotsuz təyyarələrin atəşə tutulmasını dəf etmək üçün Kiyevə daha çox müdafiə silahı verilməsini istəyib.
Tramp Ukraynaya dəqiq neçə Patriot sistemi göndərəcəyini açıqlamayıb, lakin onların xərclərinin Avropa İttifaqı tərəfindən qarşılanacağını qeyd edib.
“Biz onlara Patriotları göndərəcəyik ki, buna onların çox ehtiyacı var. Çünki Putin həqiqətən çox insanı təəccübləndirib. O, gözəl danışır, sonra axşam hamını bombalayır. Amma burada bir az problem var. Bu, mənim xoşuma gəlmir”, – Tramp Andrews Birgə Bazasında jurnalistlərə deyib.
“Biz faktiki olaraq onlara müxtəlif tipli çox qabaqcıl hərbi texnika göndərəcəyik. Bunun üçün bizə 100% ödəyəcəklər, bizim istədiyimiz budur”, – ABŞ prezidenti bildirib.
Donald Tramp iyulun 14-də Ukraynadakı vəziyyəti və digər məsələləri müzakirə etmək üçün NATO-nun baş katibi Mark Rutte ilə görüşməyi planlaşdırır.