Ötən gün “Qarabağ”dan ayrılan albaniyalı futbolçu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubu ilə müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Əlcəzair təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumçu ilə 2 illik müqavilənin imzalandığı açıqlanıb.
Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinirdi. Albaniyalı forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.
Xatırladaq ki, “Qarabağ” bu yay Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə də yollarını ayırmışdı. Ağdam klubu gedənlərin əvəzində Dani Bolt və Pedro Bikalyonu transfer edib. Rüstəm Əhmədzadə isə icarədən qayıdıb.