ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə regionlarda kənd təsərrüfatının inkişafı, yerli sahibkarlığın təşviqi və fermerlərin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində ilin əvvəlindən indiyədək 7 Kredit Yarmarkası təşkil edilib. Yarmarkalarda dövlətin maliyyə qurumları, bank sektoru, bank olmayan kredit təşkilatlarının, eləcə də fermer və sahibkarların iştirakı təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, kredit yarmarkasının əsas məqsədi regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini, məhsul istehsalçılarını maliyyə resurslarına çıxış imkanları ilə təmin etmək və aqrar sektorun dayanıqlı inkişafını dəstəkləməkdir. Bu ilin ilk 6 ayı ərzində təşkil olunan yarmarkalar çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən fermer və sahibkarlıq subyektlərinə, ümumilikdə, 965 min 500 manat dəyərində kredit verilib.
Yarmarkalar çərçivəsində maliyyələşmə imkanları, güzəştli kredit alətləri, subsidiya və təminat mexanizmləri mövzularında “Dövlətin maliyyə mexanizmləri” panel sessiyaları təşkil olunub. Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi və ölkənin aparıcı bankları və bank olmayan kredit təşkilatlarının rəsmiləri iştirak ediblər. Panel sessiyaları zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları və fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə fermer və sahibkarlara məlumatlar verilib. Cari il ərzində 6 iqtisadi rayonu əhatə etməklə İmişli, Ağdaş, Zəngilan, Quba, Samux və Şəmkir rayonlarında “Dövlətin maliyyə mexanizmləri” mövzusunda 6 panel müzakirə təşkil edilib. Müzakirələr zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud çağırışlar və imkanlar təhlil olunub.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermerlərin maliyyə resurslarına çıxışın asanlaşdırılması və sahibkarlığın təşviqi istiqamətində Aqrar Biznes festivalları çərçivəsində kredit yarmarkaları və “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində davamlı şəkildə bütün iqtisadi rayonlarda təşkili nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.