Eldəniz Əmirov: “ABŞ və Azərbaycan arasında iqtisadi münasibətlərin qarşıdakı dönəmdə daha da inkişafını, həm investisiya, həm ticarət dövriyyəsi baxımından artan dinamikasını görə biləcəyik”
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu ilin birinci rübündə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 42,268 milyon ABŞ dolları təşkil edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 10,043 milyon ABŞ dolları və ya 31,2% artıb. 2024-cü ilin ilk rübündə ABŞ-dan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 32,225 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə Azərbaycandan ABŞ-ın iqtisadiyyatına 14,727 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da illik müqayisədə 7,466 milyon ABŞ dolları, yaxud da 2 dəfə çoxdur. Ötən ilin birinci rübündə bu məbləğ 7,261 milyon ABŞ dolları olub.
Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dan yatırılan investisiyaların payı 2,8% təşkil edib. Xaricə yatırılan investisiyaların payında isə bu ölkə 4,7%-lik yer tutub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.
ABŞ Azərbaycan iqtisadiyyatına investisiyaları 30%-dən çox artırıb.
Düzdür, qarşılıqlı olaraq Azərbaycanın da ABŞ iqtisadiyyatına yardımları artıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsi xüsusi vurğulanır.
“Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”-deyə D.Trampın mətbununda qeyd olunurdu.
D.Trampın Azərbaycan Prezidentinə məktubundan da aydın görsənir ki, ABŞ gələcəkdə ölkəmizlə ticarət əlaqələrinin daha da genişləndirilməsində, iki ölkə arasında iqtisadi ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır və bu perspektivi yüksək dəyərləndirir.
ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 30%-dən çox artması faktı da son nəticədə onu göstərir ki, ABŞ öz sözünün üstündə durub.
ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyanı artırması nə ilə bağlıdır?
“Bu həm Trampın məktubundan görünür, eyni zamanda da...”
İqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Amerika hər zaman Azərbaycanın strateji tərəfdaşı olub: “Müəyyən hallarda münasibətlərdə müşahidə edilən soyuqluq məqamları olsa da, Azərbaycan birmənalı olaraq ABŞ-ın maraqlı, etibarlı tərəfdaşı olub. Bu həm Trampın məktubundan görünür, eyni zamanda da 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayan zaman Co Bayden tərəfindən cənab Prezidentə iki məktub ünvanlanmışdı. Hər iki məktubda məhz Azərbaycanla ABŞ-ın son dərəcədə strateji tərəfdaş olduğu vurğulanmış və Azərbaycana hədsiz inam ifadə olunmuşdu”.
E.Əmirovun fikrincə, bu gün ABŞ Çinlə də ticarət münasibətlərində rəqabətdədir, Rusiya ilə də başqa siyasi məsələlərdə rəqabətdədir, əslində üstündür: “Buna tam rəqabət də demək olmazdı. Bütün hallarda Qafqazlar uğrunda mübarizə bütün dünya gücləri tərəfindən aparılır. Belə bir ortamda Qafqazın özündə bir dövlət region lideri kimi üzə çıxıb və artıq qlobal söz sahibi olmağa başlayıb. Bu ölkə Azərbaycandır.
Yayılan məlumatlara görə, nəzərə alsaq ki, Böyük Britaniya da artıq “Orta Dəhliz”in maliyyələşdirilməsi bağlı işlərə start verib, bu, Azərbaycanın nə qədər önəmli, “Orta Dəhliz”in nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. ABŞ-la Britaniya arasındakı münasibətlər də kimsəyə sirr deyil. Bütün hallarda regionda siyasi stabillik, hüquqi bazanın formalaşması, ölkənin hazırda müxtəlif beynəlxalq reytinq agentlikləri, o cümlədən “Moody's” tərəfindən suveren kredit reytinqinin “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə yüksəldilməsi artıq ölkənin iqtisadi yönümdə də irəliləyişindən xəbər verir. Bu, investorlar üçün yaxşı xəbərdir. Yəni bu, ABŞ investorlarının ölkəmizə cəlb olunması üçün mövcud mühitin olmasından xəbər verir. Hesab edirəm ki, biz ABŞ və Azərbaycan arasında iqtisadi münasibətlərin qarşıdakı dönəmdə daha da inkişafını, həm investisiya, həm ticarət dövriyyəsi baxımından artan dinamikasını görə biləcəyik”.
İradə SARIYEVA