BAKI, TurkicWorld
Malayziyada təlimlər zamanı içərisində beş polis əməkdaşı olan bir helikopter Pulay çayına düşüb.
TurkicWorld xəbər verir ki, bu barədə "Astro Awani" telekanalı məlumat yayıb.
Hadisə kurort şəhəri olan Gelanq-Patah yaxınlığında baş verib. Polis hadisə yerinə dərhal cəlb olunaraq xəsarət alanları sudan çıxarıb və təcili yardım qruplarına təhvil verib.
Yaralananlardan ikisinin vəziyyəti kritikdir, həkimlər onların həyatlarını xilas etmək üçün çalışırlar. Digər üç polis əməkdaşı da xəsarət alıb, lakin onların vəziyyəti nisbətən yüngüldür. Hazırda bütün yaralılar Sultanah Amina xəstəxanasında müalicə olunurlar.
Polis inspektoru Məhəmməd Xalid bildirib ki, helikopter yerli vaxtla səhər saat 09:51-də "Tanjung Kupang" polis məntəqəsindən havaya qalxıb və təxminən saat 10:25-də Malayziya Dəniz Hüquq Mühafizə Agentliyinin (MMEA) Gelanq-Patah bölgəsindəki körpüsü yaxınlığında qəzaya uğrayıb.
Onun sözlərinə görə, hadisə ilə bağlı Malayziya Nəqliyyat Nazirliyinin Aviasiya Qəzalarını Araşdırma Bürosu tərəfindən hərtərəfli istintaq aparılacaq.
Bundan əvvəl Estoniyada da bir helikopterin Baltik dənizinə düşdüyü bildirilmişdi.