AZ

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Yanvar-iyun aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,8 %, fərdi sahibkarlar üzrə 0,5 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.

6 ay ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Seçilən
22
4
fed.az

10Mənbələr