AZ

MİQ imtahanları nazirlikdən alınıb DİM-ə verilə bilər

Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqə dörd əsas mərhələdən ibarətdir: qeydiyyat, imtahan, müsahibə və qəbul. Bu mərhələləri uğurla keçən namizədlər sənədlərini təqdim edərək iş fəaliyyətinə başlaya bilərlər. Hazırda isə cəmiyyətdə ən çox müzakirə olunan və narazılıq doğuran məqam məhz imtahan mərhələsidir.

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Modern.az-a bildirib ki, imtahanda iştirak edən namizədlər əsasən sualların çətinliyi və vaxt məhdudiyyəti ilə bağlı narahatlıqlarını dilə gətirirlər: 

“Qeyd edilməlidir ki, istər universitetlərə qəbul, istər magistratura, istərsə də MİQ və sertifikasiya imtahanlarında sualların asan, orta və çətin səviyyələrdə hazırlanması əsas şərtlərdəndir. Lakin bəzi fənlərin digər fənlərə nisbətən daha ağır olması həmin sahənin müəllimləri arasında haqlı narazılığa səbəb olur. Bu narazılıqlar kütləvi xarakter aldıqda, ümumi imtahan mühitinə də mənfi təsir göstərir”.

O qeyd edib ki, burada müsbət məqamlardan biri imtahan müddətinin əvvəlki illərlə müqayisədə 90 dəqiqədən 150 dəqiqəyə qədər artırılmasıdır:

“Bu, çox vacib və müsbət addımdır. Lakin daha məqsədəuyğun olardı ki, vaxt fənnin ağırlığına uyğun təyin edilsin. Çünki elə fənlər var ki, onların suallarını cavablandırmaq üçün 60 dəqiqə kifayət edir, digərləri üçün isə daha çox zaman tələb olunur”.

Təhsil eksperti əlavə edib ki, dəqiq və humanitar fənlər arasında cavablandırma üslubu və tələbləri də fərqlidir: 

“Məsələn, mətn əsaslı sualların cavablandırılması üçün namizəd eyni mətni dəfələrlə oxumağa məcbur olur ki, bu da əlavə vaxt aparır. Bu səbəbdən, fənnə uyğun differensial vaxt tətbiqi daha ədalətli və məqsədəuyğun olar”.

R.Nurəliyev onu da diqqətə çatdırıb ki, son zamanlar bir sıra platformalarda müzakirə edilən məsələlərdən biri də MİQ imtahanlarının Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsidir.

“Əgər Elm və Təhsil Nazirliyi bu sahədəki yükünü azaltmaq istəyirsə, bu dəyişiklik məntiqli hesab oluna bilər. DİM müxtəlif dövlət qurumları üçün - prokurorluq, mühasibatlıq, direktorluq, hüquqşünaslıq və digər sahələr üzrə imtahanlar təşkil edir. Düşünürəm ki, MİQ və müəllimlərin sertifikasiyası da bu siyahıya əlavə olunsa, imtahanların vahid yanaşma ilə keçirilməsi təmin edilə bilər.

Doğrudur, bəzi suallar müəyyən hallarda çətin ola bilər. Lakin unutmayaq ki, bu imtahan müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçündür. Elə bu səbəbdən şagirdlər üçün nəzərdə tutulan imtahan ilə eyni çərçivədə qiymətləndirilə bilməz.

Lakin burada əsas məsələ hələ də vaxt məhdudiyyəti olaraq qalır. Bu problem təkcə MİQ-də deyil, sertifikasiya imtahanlarında da səsləndirilir. Bununla belə, istənilən imtahanda müəyyən narazılıqların olması qaçılmazdır. Əgər 20 min nəfər imtahanda iştirak edirsə, onların içindən 3-5 min nəfərin narazılığı normal qarşılanmalıdır.

Son olaraq bir daha qeyd etmək istərdim ki, MİQ imtahanlarının DİM tərəfindən keçirilməsi Elm və Təhsil Nazirliyinin yükünü azaldar, həm də sistemli və vahid yanaşma baxımından daha səmərəli olar. 

Eyni zamanda, müsahibə mərhələsinin Elm və Təhsil Nazirliyi tərəfindən aparılması daha məqsədəuyğundur. Bu baxımdan, mən də bu istiqamətdə dəyişikliklərin tərəfdarıyam”,- deyə ekspert bildirib.

Seçilən
10
2
valyuta.az

10Mənbələr