Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin iyulun 9-na keçən gecə Kiyevə endirdiyi kütləvi zərbələrə münasibət bildirib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, o açıqlamasında bu cür hücumlara “sərt cavab verilməli” olduğunu və Kiyevin də məhz bunu edəcəyini deyib.
Zelenskinin sözlərinə görə, Rusiya təxminən 10 saat davam edən kütləvi birləşmiş hücum həyata keçirib və əsas hədəf paytaxt Kiyev olub.
Prezident, Qərb ölkələrini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə və Ukraynaya daha çox silah, xüsusilə hava hücumundan müdafiə sistemləri göndərməyə çağırıb.
“Bu gün partnyorlarla, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə vasitələrinin tədarükü üçün əlavə maliyyə ayrılması barədə danışacağam. Tapşırıqlar tamamilə aydındır. Rusiyanın bu cür zərbələrinə sərt cavab verilməlidir. Biz məhz belə cavab verəcəyik”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, bu hücum, Rusiyanın Xüsusi Hərbi Əməliyyatı (SVO) çərçivəsində indiyədək həyata keçirdiyi ən kütləvi zərbələrdən biri hesab olunur.
Bundan əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də Kiyevə edilən kütləvi hücuma reaksiya verib.\\Sfera.az